İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi dekabrın 14-də Avstraliyanın Sidney şəhərində baş verən silahlı hücumun arxasında İsrailin dayandığını iddia edib.
Cagdas.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Musəvi dünən İnqilab Keşikçiləri Korpusunun zabitlərinin buraxılış mərasimində çıxış edib.
Sidneydə yəhudilərin hədəf alınmasının İsrailin yəhudi düşmənliyi ilə bağlı ictimai rəy formalaşdırmaq üçün həyata keçirdiyi psixoloji əməliyyat olduğunu irəli sürən Musəvi belə deyib:
“Bir neçə gün əvvəl də gördüyünüz kimi, sionist rejim özünü vurub. Bu terror aktı əks miqrasiyanın qarşısını almaq, daxili böhrandan yayınmaq və yəhudi əleyhdarlığı ilə bağlı təsəvvür yaratmaq məqsədi daşıyıb.”
İranın Baş Qərargah rəisi həmçinin İsrailin bundan əvvəl də özünü qurban kimi göstərmək üçün oxşar hücumlar təşkil etdiyini iddia edib.
Sidneydəki terror hücumu
Avstraliyanın Yeni Cənubi Uels (NSW) ştatının Sidney şəhərində çimərlikdə törədilən silahlı hücum nəticəsində 15 nəfər həlak olub, onlardan ikisinin polis əməkdaşı olduğu bildirilir. Hücum zamanı 38 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, ölənlərdən biri hücumu həyata keçirən şəxslərdən olub, yaralı vəziyyətdə saxlanılan bir şübhəli isə polis tərəfindən nəzarətə götürülüb.
Avstraliyanın Baş naziri Entoni Albanizi keçirdiyi mətbuat konfransında hücumun yəhudi əsilli avstraliyalıları hədəf aldığını bildirərək hadisəni terror aktı kimi qiymətləndirib və yəhudi icması ilə həmrəy olduqlarını vurğulayıb.
İsrail kəşfiyyatına yaxın mənbələr isə Sidney hücumuna görə İranı ittiham edib, İranın Hizbullah və HƏMAS-la birlikdə son aylarda xaricdə yaşayan yəhudilərə qarşı hücumlar planlaşdırdığını iddia ediblər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə sosial media hesabında paylaşım edərək hücumu pisləyib və bildirib ki, “terror və insan qətli harada törədilməsindən asılı olmayaraq qəbuledilməzdir və qətiyyətlə pislənir”.
















