ABŞ-ın NATO yanında səfiri Metyu Uitaker Ukraynadakı münaqişənin 90 gün ərzində həllinin mümkün olduğunu bildirib. O, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Əgər bu məsələ həll olunacaqsa, deməli, qarşıdakı 90 gün ərzində baş tutacaq”, – deyə Uitaker vurğulayıb.
Səfir əlavə edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturlarına endirdiyi zərbələr səbəbindən qarşıdan gələn qış Ukrayna üçün olduqca çətin keçə bilər. Bununla yanaşı, o qeyd edib ki, ukraynalılar passiv mövqe tutmur, əksinə, öz hücumlarını davam etdirməyə çalışırlar. “Bu vəziyyət dayandırılmalıdır”, – deyə Uitaker bildirib.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyevin məruzəsindən sonra Moskva öz mövqeyini formalaşdırmaq və ABŞ-la mövcud kanallar vasitəsilə danışıqları davam etdirmək imkanına malik olacaq.
Qeyd edək ki, Ukrayna məsələsinin nizamlanması ilə bağlı danışıqlar dekabrın 20–21-də Mayami şəhərində keçirilib. ABŞ nümayəndə heyətinə Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, ABŞ prezidentinin kürəkəni Cared Kuşner və Ağ Evin əməkdaşı Coş Qruenbaum daxil olub.
















