Ukraynanın Lvov şəhərində əl istehsalı partlayıcıların partlaması nəticəsində bir polis əməkdaşı həlak olub, 24 nəfər isə yaralanıb.
Çağdaş.Az xəbər verir ki, Ukrayna Milli Polisi öz sosial media hesabında Lvovda iki partlayışın baş verdiyini bildirib.
Açıqlamada partlayışların əl istehsalı partlayıcılarla törədildiyi qeyd olunub və aşağıdakı məlumat verilib:
“Lvovda terror aktı həyata keçirilib. Partlayışlar nəticəsində bir qadın polis həlak olub, 24 nəfər yaralanıb. Hadisə bu gün saat 00:30 radələrində 102 çağrı mərkəzinə Danilişina küçəsindəki mağazada oğurluq olması barədə məlumat daxil oldu. Növbətçi polis briqadası hadisə yerinə çatanda partlayış baş verdi. Daha sonra ikinci briqada hadisə yerinə çatdıqda ikinci partlayış törədildi.”
Partlayışda həlak olan polis əməkdaşının 23 yaşlı Viktoriya Şpilka olduğu bildirilib. Hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırmaq və cinayətdə iştirak edən şəxsləri müəyyən etmək üçün iş aparır.
















