Atəşkəsə baxmayaraq bölgədə gərginlik davam edir. Livandan buraxılan pilotsuz uçuş aparatları səbəbindən İsrailin şimalındakı bir sıra yaşayış məntəqələrində hava həyəcanı elan olunub. İsrail ordusu PUA-ların ölkə ərazisinə daxil olmadan zərərsizləşdirildiyini açıqlayıb.
Çağdaş.Az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri tərəfindən yayılan açıqlamada bildirilib ki, saat 18:27-də PUA hücumu səbəbindən ölkənin şimalındakı bəzi yaşayış məntəqələrində sirenlər işə düşüb.
Açıqlamada qeyd olunub ki, Livandan buraxılan pilotsuz aparatların İsrail ordusu tərəfindən ölkə ərazisinə daxil olmadan qarşısı alınıb. Saat 18:43-də isə daha bir PUA hücumu səbəbindən Marqaliot və Manara yaşayış məntəqələrində də sirenlər səslənib.
İsrail Müdafiə Qüvvələri martın 2-də Livana qarşı genişmiqyaslı hava hücumlarına başlayaraq ölkənin cənubundakı bir sıra yaşayış məntəqələrini nəzarətə götürmüşdü.
Livan hökuməti həmin dövrdə ölkədə məcburi köçkünlərin sayının 1 milyon 162 mini keçdiyini açıqlamışdı.
ABŞ Prezidenti Donald Tramp isə Livan və İsrail arasında aprelin 17-də qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha 3 həftə uzadıldığını bəyan etmişdi.
Buna baxmayaraq, İsrailin Livanın cənubuna hücumları və Hizbullahın aralıqlarla cavab zərbələri davam edir.
















