Azərbaycanda, xüsusən də Bakıda mənzillərin qiymətində ciddi artım var. Hazırda Bakıda mənzil qiymətləri inkişaf etməkdə olan ölkələr səviyyəsinə yaxınlaşıb. 2026-cı ilin I rübündə mənzil bazarında qiymət indeksi 2025-ci ilin I rübünə nəzərən 8.1% artıb. Məlumata görə, o cümlədən ilkin mənzil bazarında qiymət artımı bu dövrdə 13.1%, təkrar mənzil bazarında isə 8.1% yüksəlib.
Qiymətləri belə artıran amil nədir: torpaqların baha olması, tikinti xərcləri, yoxsa tələb təklif nisbətinin pozulması?
Cagdas.az xəbər veriri ki Məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov açıqlama verib. Ekspert qiymətlərin bu qədər artmasının bazarda çox ciddi problem yaratdığını qeyd edib:
“Qeyd etmək lazımdır ki, 2016-cı ildə 86 saylı qərar təsdiq olunub və həmin ildən pilot layihələrin icrasına başlanıldı. O dövrlə bu günü müqayisə etsək, bazarda tikinti şirkətlərinin fəaliyyətinin təxminən 8-10 dəfə azaldığını görərik. Bu isə Tikinti və Şəhərsalma üzrə məsul dövlət qurumları tərəfindən tikinti şirkətlərinə verilən icazələrin məhdudlaşdırılması ilə bağlıdır”.

E.Azadov tikinti şirkətlərinə verilən icazələrin məhdudlaşdırılmasının bazarda təklif və rəqabətin pozulmasına səbəb olduğunu vurğulayıb:
“Təkliflərin sayı olduqca azalıb, tikinti şirkətləri arasında rəqabət zəifləyib. Digər tərəfdən, dövlət tərəfindən söküntü işləri aparılır ki, bu da öz növbəsində daşınmaz əmlak bazarında qıtlıq yaradır. Üstəlik, ölkədə inflyasiya və urbanizasiya səviyyəsi yüksəkdir. Kənd və rayon əhalisinin böyük şəhərlərə kütləvi axını sürətlə davam edir. Bütün bu amillər ona gətirib çıxarır ki, daşınmaz əmlakın qiymətləri normadan artıq səviyyədədir və bahalaşma prosesi davam edir. Orta hesabla son beş il yarım ərzində Bakı şəhərində daşınmaz əmlakın qiymətləri təxminən 75 faizə qədər artıb”.(sfera.az)















