İyunun 12-də Mərkəzi Aran iqtisadi rayonunda Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirildi.
Əvvəla onu deyim ki, Prezident İlham Əliyevin son illərdə kənd təsərrüfatı sektoruna göstərdiyi xüsusi diqqət ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və kəndlərdə məşğulluğun artırılması baxımından strateji əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu siyasətin məntiqi davamı kimi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” strateji əhəmiyyət daşıyır.
Prezident mayın 26-da kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə demişdi ki, biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. İyunun 12-də Ağdaş şəhərində Mərkəzi Aran iqtisadi rayonu üzrə keçirilən regional müşavirə dövlət başçısının kənd təsərrüfatı sahəsinə yanaşmasının yalnız konseptual sənədlərlə məhdudlaşmadığını, həm də onların icrasına xüsusi həssaslıqla yanaşdığını və ciddi nəzarət etdiyini göstərdi.
Mərkəzi Aran iqtisadi rayonu Azərbaycanın ənənəvi kənd təsərrüfatı bölgələrindən biri hesab olunur. Taxılçılıq, meyvəçilik, bostançılıq və heyvandarlıq sahələrinin geniş inkişaf potensialına malik olan bu regionun yeni Dövlət Proqramında xüsusi yer tutması təsadüfi deyil. Çünki ölkənin ərzaq təminatında mühüm rol oynayan Mərkəzi Aran bölgəsində məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi və resurslardan səmərəli istifadə məsələləri dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Aqroparkların yaradılması, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi, müasir suvarma sistemlərinin tətbiqi və torpaq resurslarından daha səmərəli istifadə istiqamətində görülən işlər Azərbaycanın kənd təsərrüfatının ənənəvi modeldən innovativ və rəqabətqabiliyyətli istehsal sisteminə keçidini təmin edib.
Yeni Dövlət Proqramının mühüm xüsusiyyətlərindən biri də kənd təsərrüfatına kompleks yanaşmanın tətbiq edilməsidir. Burada yalnız məhsul istehsalı deyil, eyni zamanda emal sənayesinin inkişafı, aqrar sığorta mexanizmlərinin genişləndirilməsi, fermerlərin maarifləndirilməsi və rəqəmsal texnologiyaların tətbiqi də nəzərdə tutulur. Bu isə kənd təsərrüfatının iqtisadi səmərəliliyini artırmaqla yanaşı, regionlarda dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət edir.
Mərkəzi Aran bölgəsi üçün ən aktual məsələlərdən biri olan su təminatı da Dövlət Proqramında xüsusi yer tutur. İqlim dəyişikliklərinin yaratdığı çağırışlar fonunda su ehtiyatlarından qənaətli istifadə, müasir suvarma texnologiyalarının tətbiqi və rəqəmsal monitorinq sistemlərinin qurulması gələcək illərdə aqrar sahənin dayanıqlığının əsas təminatçılarından biri olacaq. Bu baxımdan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilən layihələr kənd təsərrüfatının inkişafı ilə su təhlükəsizliyi arasında qarşılıqlı əlaqənin daha da gücləndirilməsinə xidmət edir.
Diqqət çəkən digər məqam isə Dövlət Proqramının həyata keçirilməsində mərkəzi və yerli icra strukturları arasında koordinasiyanın gücləndirilməsinə xüsusi önəm verilməsidir. Bu yanaşma qəbul olunan qərarların daha operativ icrasına və konkret nəticələrin əldə olunmasına imkan yaradır. Ağdaş rayonunda artıq hazırlıq işlərinə başlanılması, tədbirlər planının hazırlanması və prioritet istiqamətlərin müəyyənləşdirilməsi bunun praktik nümunəsi hesab oluna bilər.
Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinə göstərdiyi davamlı diqqət Azərbaycanın qeyri-neft sektorunun inkişafı strategiyasının mühüm tərkib hissəsidir. Dövlət başçısının aqrar sahəyə həssas yanaşması nəticəsində kənd təsərrüfatı təkcə iqtisadi sahə kimi deyil, həm də milli ərzaq təhlükəsizliyinin, sosial sabitliyin və regionların balanslı inkişafının əsas dayaqlarından birinə çevrilib.
2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı da məhz bu strateji baxışın davamı olaraq Azərbaycanın aqrar potensialının daha səmərəli reallaşdırılmasına, fermer təsərrüfatlarının dayanıqlığının gücləndirilməsinə və ölkənin ərzaq təhlükəsizliyinin uzunmüddətli təminatına mühüm töhfə verəcək.
















