23 iyun tarixində səhər saatlarında Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları “Hayastan” blokundan olan parlament üzvü və “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyanın mənzilində axtarış aparıblar.
Cagdas.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Vəkil Sergey Harutyunyanın sözlərinə görə, mənzildə axtarış başa çatıb və heç nə tapılmayıb.
Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib ki, cinayət işi üzrə istintaq çərçivəsində İşxan Saqatelyanın evində istintaq və prosessual hərəkətlər aparılıb.
Lakin qurum hansı cinayət işi üzrə əməliyyatların aparıldığını açıqlamayıb və əlavə təfərrüatlar təqdim etməyib.
Yerli KİV-lərin məlumatına görə, Saqatelyanın mənzilindəki axtarış başa çatdıqdan sonra hüquq-mühafizə orqanları onun avtomobillərində də axtarış aparmağa çalışıblar.
İşxan Saqatelyan Ermənistanın baş naziri Nikol Paşinyanın ən radikal əleyhdarlarından biridir. O, 7 iyun tarixli parlament seçkilərinin saxtalaşdırıldığını iddia edən müxalifətçi deputatlardandır.(modern.az)
















