Son illər adrenalin yaşamaq, qorxu hissini sınamaq və dostlarla fərqli əyləncə təcrübəsi qazanmaq istəyənlərin üz tutduğu “qorxu evləri” xüsusilə yeniyetmələr və gənclər arasında populyarlaşıb. Lakin son vaxtlar bu məkanlarda azyaşlıların fiziki və psixoloji təzyiqə məruz qalması ilə bağlı yayılan görüntülər və valideynlərin şikayətləri bu əyləncə növünün təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradıb.
Daxil olan müraciətlərdə də bəzi valideynlər övladlarının belə məkanlardan çıxdıqdan sonra uzun müddət qorxu, təşviş və psixoloji sarsıntı yaşadıqlarını bildiriblər.
Mütəxəssislərin fikrincə, adrenalin hissi yaşatmaq məqsədilə qurulan bu məkanlar hər kəs üçün eyni dərəcədə təhlükəsiz deyil. Xüsusilə uşaqlar, yeniyetmələr, həssas psixikaya malik və ya travma keçirmiş şəxslərdə bu təcrübə ciddi psixoloji fəsadlara səbəb ola bilər.
Bəs “qorxu evləri” insan psixologiyasına necə təsir edir? Adrenalin axtarışı hansı hallarda təhlükəli həddə çevrilə bilər və valideynlər nələrə diqqət etməlidirlər?
Misal üçün, bir müddət əvvəl Musavat.com-a müraciət edən valideynlərdən biri demişdi ki, Phobia Games” (tərcümə: qorxu oyunları) adlı qorxu evi uşaqlar üçün əyləncə yeri yox, əsl “dəhşət otağına” çevrilib. Onun redaksiyamıza təqdim etdiyi görüntülərdə (https://musavat.com/news/qorxu-evi-qalmaqali-boyuyur-15-yasli-qizin-ardinca-novbeti-video-sacindan-tutub-suruyur_1221625.html ) azyaşlıların saçından sürükləndiyi, itələndiyi, bəzilərinə isə açıq-aşkar fiziki təzyiq göstərildiyi görünürdü.
Kadrlarda həmçinin uşaqların qorxu içində titrədiyi, bəzilərinin isə küncə sıxışdırıldığı anlar diqqət çəkir. Valideyn bildirir ki, övladı və digər uşaqlar məkanı tərk edəndən sonra uzun müddət özlərinə gələ bilməyiblər, hətta “orada baş verənlərin təsirindən sarsıntı yaşadıqlarını” deyiblər. Uşaqların davranışında müşahidə edilən “kəskin qorxu”, “psixoloji gərginlik” və “həyəcanlı danışıq tərzi” yayılan görüntülərlə paralel şəkildə narahatlıq doğurur.
Çağdaş.Az xəbər verir ki psixoloq Ülviyyə Murtuzova Musavat.com-a fikrini bölüşüb: “Qorxu elə bir hissdir ki, onu tamamilə bədənimizdən silib atmağı düşünsək də, reallıqda bu hissin insanda olması labüddür, onu tamamilə yox etmək düzgün deyil. Lakin qorxunun təzahür formaları fərqlidir. Çox vaxt elə bilirik ki, qorxu yalnız qışqırmaq, bağırmaq və ya aşkar vahimə və təlaşla yaşanır. Halbuki insanı daxildən gizlicə gəmirən, səssiz gələn qorxular da var ki, sonradan daha ciddi fəsadlara yol açır. Xüsusilə söhbət azyaşlılardan və yeniyetmələrdən gedirsə, onlar çox vaxt qorxu hissinin nədən və necə yarandığını tam dərk edə bilmirlər. Bu gün “adrenalin” və ya əyləncə adlandırdığımız bəzi qorxu məkanlarındakı gedişatı uşaqlar sadəcə bir oyun hesab edirlər. Onlar bu yaşda həmin təcrübələrin şüur və təfəkkürə vurduğu ağır zərbələrin fərqində deyillər. Böyüklərin bu cür yerlərdə deyib-gülməsini görən uşaqlar baş verənləri normal bir hal kimi qəbul edirlər.

Digər tərəfdən, elə bir təbəqə də var ki, onlar daxillərindəki utancaqlıq hissini büruzə verməmək, “mənə heç bir təsir etmədi” imici yaratmaq üçün özlərini sakit aparmağa çalışırlar. Lakin həmin yeniyetmənin o anda keçirdiyi daxili təlatüm və təşviş bəlkə də bizim təsəvvür etdiyimizdən qat-qat güclüdür. Onlar sadəcə bunu bəlli etmirlər. Evə qayıtdıqda özlərinə qapanır, valideynləri soruşduqda isə aciz görünməkdən və ya dostları arasında rişxənd hədəfinə çevrilməkdən qorxduqları üçün susmağa üstünlük verirlər. Bu cür gizli qalan qorxular illər keçdikdən sonra elə bir ciddi formada üzə çıxır ki, artıq elm və tibb də bunun fəsadlarını təsdiqləyir. Bu sarsıntılar gələcəkdə özünü müxtəlif formalarda göstərən və ya müstəqil bir xəstəlik olan təşviş pozuntusunun əsasını qoyur”.
Psixoloq vurğulayıb ki, xüsusilə şəxsiyyətin hələ tam formalaşmadığı dövrdə, yəni 13–14 yaşınadək uşaqların bu cür qorxu məkanlarına daxil olması qəti qadağan edilməlidir: “Əks halda, onlar qorxu hissini normal həyat tərzi və əyləncə ilə eyniləşdirəcək ki, bu da gələcəkdə böyük psixoloji problemlərin yaranmasına gətirib çıxaracaq. Buna görə də həmin əyləncə mərkəzlərinə giriş üçün ciddi yaş həddi müəyyən olunmalı, azyaşlıların valideyn icazəsi və müşayiəti olmadan bu məkanlara daxil edilməsi tamamilə qadağan edilməlidir. Kiminsə sadəcə qazanc məqsədilə belə yerlər açmasına icazə verilməməli, ciddi nəzarət mexanizmi qurulmalıdır. Unutmaq olmaz ki, insanların psixikasını və düşüncəsini zədələmək gələcəkdə bütöv bir cəmiyyətin mənəvi-psixoloji aşınmasına yol açmaqla bərabər, ciddi xəstəlikləri də yaranmasına səbəb ola bilər”.
Afaq Mirayiq















