Son dəqiqə
Reklam
Reklam

Kreditini ödəyə bilməyənlərə sevindirici xəbər – İldə cəmi 120 manat…

İqtisadiyyat

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi planlaşdırılır. Yeni qayda işini itirən və kredit borcunu ödəməkdə çətinlik çəkən şəxslərin vəziyyətinə təsir edə bilər. Digər tərəfdən, sığortanın məcburi olması borcalanlar üçün əlavə xərc yarada bilər.

Çağdaş.Az xəbər verir ki, Globalinfo.az-a danışan Crypto Consulting MMC-nin direktoru, UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev hesab edir ki, bank kreditləri üzrə işsizlikdən sığorta mexanizminin tətbiqi sosial müdafiə baxımından əhəmiyyətli addım ola bilər:

“Çünki kredit götürən şəxsin gəlirini itirməsi yalnız onun gündəlik xərclərinə deyil, bank qarşısındakı öhdəliklərinə də birbaşa təsir göstərir. İnsan işini itirdikdə kredit ödənişlərini davam etdirməkdə çətinlik çəkə, gecikmələrə yol verə və nəticədə əlavə faiz və cərimələrlə üzləşə bilər. Yeni mexanizmin əsas üstünlüyü belə hallarda borcalana müəyyən maliyyə təminatının yaradılmasıdır. Məsələn, vətəndaş aylıq 800 manat əməkhaqqı alır və bank kreditinə hər ay 300 manat ödəyir. O, işini itirdikdə bu ödəniş ailə büdcəsi üçün ciddi yükə çevrilə bilər. Əgər sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq işsiz qaldığı dövrdə kredit ödənişləri qarşılanarsa, vətəndaşın borcunun gecikməsi və maliyyə vəziyyətinin daha da pisləşməsi riskini azaltmaq mümkün olar”.

E.Quliyev deyib ki, burada mühüm məsələ sığortanın qiyməti və təminatın həcmi ilə bağlıdır:

“Əgər sığorta haqqı borcalanın üzərinə əlavə xərc kimi qoyularsa, xüsusilə aşağı və orta gəlirli ailələrin kredit yükü arta bilər. Buna görə də mexanizm hazırlanarkən həm sosial müdafiə, həm də kreditlərin əlçatanlığı nəzərə alınmalıdır. Məsələn, şərti olaraq, 10.000 manatlıq kredit üzrə sığorta haqqı ildə 120 manat müəyyən edilsə, bu, borcalan üçün ayda əlavə 10 manat xərc deməkdir. Məbləğ ilk baxışdan böyük görünməsə də, bir neçə kredit öhdəliyi olan vətəndaş üçün ümumi maliyyə yükünü artıra bilər. Fikrimcə, əsas məsələ sığortanın məcburi tətbiqindən daha çox, onun hansı şərtlərlə həyata keçirilməsidir”.

Elnur Quliyevin sözlərinə görə, sığorta bütün hallarda kredit borcunun avtomatik silinməsi demək deyil:

“Təminat müqavilədə müəyyən edilmiş şərtlər, müddət və məbləğ çərçivəsində həyata keçiriləcək. Buna görə də vətəndaşlar sığortanın istisnaları və ödəniş qaydaları barədə əvvəlcədən məlumatlandırılmalıdır. Ümumilikdə, işsizlikdən sığorta düzgün qurularsa, həm vətəndaşların sosial müdafiəsinə, həm də bank sektorunda problemli kreditlərin azalmasına töhfə verə bilər. Əsas məqsəd insanın gəlirini itirdiyi zaman onu daha ağır borc vəziyyətinə salmaq deyil, müvəqqəti maliyyə çətinliyini aradan qaldırmağa kömək etmək olmalıdır”.