“Həmin hadisədə təyyarədəki hər kəs ölə bilərdi, amma insanları xilas etmək üçün özlərini qurban verdilər”.
Cagdas.az bildirir ki, bu sözləri Ölkə.Az-a açıqlamasında ötən il 25 dekabrda Bakı-Qroznı reysi ilə uçan AZAL təyyarəsinin sərnişini 21 yaşlı Ayxan (Ayhan) Bayramzadə deyib. O, 38 nəfərin həlak olduğu, 29 nəfərin yaralandığı qəza gününü belə xatırlayır:
“Qroznıya işləməyə gedirdim. Əmimgil orada yaşayır. Təyyarəyə ilk dəfə minirdim deyə çox həvəsli idim. Həmin gün mənim biletimi elə Hökumə xanım özü yoxlamışdı. Qəza anında kim fikirləşə bilərdi ki, oradan sağ çıxacaq?! Həmin hadisədə təyyarədəki hər kəs ölə bilərdi, amma insanları xilas etmək üçün qəhrəmanlarımız özlərini qurban verdilər”.
A.Bayramzadə deyir ki, qəzadan sonra xəstəxanda olarkən ailəsi ilə əlaqə yarada bilib:

“Qəzadan sonra bizi Qazaxıstanda xəstəxanaya apardılar. Həkimlərə birtəhər başa saldıq ki, kiməsə zəng etmək lazımdır. Bir xanım həkim yaxınlaşıb mənə telefonunu verdi, dedi ki, götür kimə istəsən, zəng elə. Açığı, nömrələr yadımda deyildi, yalnız instaqram hesabımın şifrəsini xatırlayırdım. Profilimə daxil olub əmimgilə yazdım ki, vatsapla atdığım bu nömrəyə yığın. Ondan sonra yığdılar. Onlara dedim ki, bu nömrəni evdəkilərə atın, zəng eləsinlər. Sonra da danışdıq.
Həmin gün təyyarədə tandığım heç kim yox idi, amma hadisədən sonra qəzada yaralanan bir neçə şəxslə – Samirlə, Zaminlə dostlaşdıq, günü bu gün də əlaqə saxlayırıq. Qəzadan sonra mayın 5-də Dağıstana uçmuşam. Öz pilotlarımıza necə lazımdır, güvənirəm. Hadisədən sonra qəza qurbanlarının məzarını ziyarət etmişik”, – deyə o əlavə edib.
Qeyd edək ki, qəza günü A.Bayramzadə Lənkəranın Lüvəsər kəndindəndir. Hadisə günü əvvəlcə Ayxanın bacısına onun ölüm xəbəri verilib, qəzadan sonra ərazidən çəkilən görüntüləri sayəsində Bayramzadələr ailəsi onun sağ olduğunu öyrənib.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları”nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin 25.12.24-cü il tarixində Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
İlkin araşdırma nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” HHM sistemi tərəfindən hücuma məruz qalıb.
HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau istiqamətini seçib.
Pilotların qəhrəmanlığı nəticəsində təyyarə Aktau şəhərinə qədər uçub, aeroporta 3 km qalmış təyyarə qəza enişi etməli olub.
Qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42-si Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.
Qəzada kapitan İqor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva həlak olub. Digər iki bələdçi Zülfüqar Əsədov və Aydan Rəhimli sağ qalıb.
Billurə Yunus















