Havaların sürətlə soyumasından sonra mənzillərdə qazla işləyən müxtəlif qızdırıcı cihazlardan daha intensiv şəkildə istifadə olunması müşahidə edilir. Qaz cihazlarından intensiv şəkildə istifadənin artması nəticəsində dəm qazından zəhərlənmə hallarının sayında da nəzərəçarpacaq artım baş verir. Təcrübə göstərir ki, aidiyyatı qurumların, ekspertlərin tövsiyələrinə baxmayaraq bəzi istehlakçılar qazla işləyən qızdırıcı cihazlardan qaydalara uyğun şəkildə istifadə etmədiyindən zəhərlənmə, partlayış, yanğın kimi halların sayı artır. Belə halların sayının azaldılması üçün hava dövriyyəsinin az olduğu qapalı məkanlarda qızdırıcı cihazların quraşdırılmasının qadağan edilməsi tövsiyə olunur.
Cagdas.az bildirir ki bununla bağlı fikirlərini bölüşən təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, qaz təsərrüfatının olduğu hər yerdə təhlükəsizlik məsələləri mütləq ön planda olmalıdır:
“Məişətdə istifadə edilən qaz cihazları ilə bağlı qaydalara ciddi əməl etmək vacibdir. İlk növbədə, quraşdırma olunan otaqda kifayət qədər hava dövriyyəsinin olmasına diqqət yetirilməlidir. Yəni qaz avadanlığı yerləşən məkanda mütləq havalandırma sistemi, ventilyasiya və nəfəslik olmalıdır. Bundan başqa, tüstü bacaları tam işlək vəziyyətdə saxlanmalı və standartlara uyğun olmalıdır. Onlar ildə ən azı iki dəfə təmizlənməlidir. Qazla işləyən otaqlarda qaz sızması və dəm qazına qarşı xüsusi detektorların quraşdırılması da çox önəmlidir. Bu qurğular sızma baş verən kimi avtomatik olaraq qazın verilməsini dayandırır və mümkün faciələrin qarşısını alır. Dəm qazı detektoru isə havada dəm qazı toplandıqda yüksək səs siqnalı ilə istifadəçini xəbərdar edir”.

Ekspert əlavə edib ki, dəm qazından zərər görənlərin əksəriyyəti vanna otaqlarında olur:
“Sanitar qovşaqlarında qaz cihazlarının quraşdırılması tövsiyə edilmir. Lakin belə bir avadanlıq varsa, həmin yerdə mütləq düzgün ventilyasiya, hava girişi-çıxışı və dəm qazı detektoru olmalıdır. Bu tələblərə əməl edildikdə təhlükə minimuma enir. Dəm qazı iysiz və rəngsiz olduğuna görə insanlar onun əmələ gəldiyini hiss etmir. Buna görə qaz avadanlıqlarından istifadə zamanı bütün texniki tələblərə düzgün riayət etmək şərtdir. Tüstü bacalarının daim işlək olması və otaqlarda müntəzəm hava dəyişiminin təmin edilməsi də vacibdir. Çünki dəm qazı natamam yanma nəticəsində yaranır. Yanma prosesi düzgün getmədikdə və ya tüstü bacası normal işləmədikdə dəm qazının əmələ gəlmə riski artır”.(sfera.az)
















