Əlcəzair Parlamenti Fransanın ölkəni müstəmləkəyə çevirməsini cinayət kimi tanıyan, eyni zamanda Parisdən rəsmi üzr istənilməsini və təzminat ödənilməsini tələb edən qanunu yekdilliklə qəbul edib.
Cagdas.az-ın verdiyi məlumata görə, Əlcəzair Milli Xalq Məclisi Fransanın 1830–1962-ci illər arasında ölkədə həyata keçirdiyi müstəmləkəçilik siyasətini cinayət hesab edən qanun layihəsini müzakirəyə çıxarıb. Məclisin sədri İbrahim Buqali (Boughali)nin rəhbərliyi ilə keçirilən iclasda iştirak edən deputatlar layihəni yekdilliklə dəstəkləyiblər. Qanunla yanaşı, parlament Fransa hakimiyyətindən Əlcəzairdəki müstəmləkəçi keçmişinə görə rəsmi üzr istəməsini və dəyən zərərə görə təzminat ödəməsini tələb edib.
Məclis sədri Buqali açıqlamasında bildirib ki, bu qanun həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyətə açıq və aydın mesajdır. Onun sözlərinə görə, “Əlcəzairin milli yaddaşı nə silinə, nə də alver mövzusuna çevrilə bilər”.
Fransa Xarici İşlər Nazirliyi isə qanunun qəbulunu Fransa–Əlcəzair münasibətlərində dialoqun yenidən başlanması istəyinə və keçmişlə bağlı məsələlərin sakitləşdirilməsi cəhdlərinə zidd, düşməncəsinə addım kimi qiymətləndirib. Nazirlik eyni zamanda bildirib ki, təhlükəsizlik və miqrasiya məsələləri başda olmaqla, Fransa və Fransa xalqının prioritet maraqlarının təmin olunması üçün Əlcəzairlə dialoqu davam etdirmək istiqamətində səylər göstərilir.
















