Alimlər vaxtından əvvəl dünyaya gələn körpələrin sağ qalma şansını artıracaq süni ana bətni texnologiyası üzərində çalışırlar. Hazırlanan bu sistem erkən doğuş nəticəsində ağciyərləri və digər orqanları tam formalaşmamış körpələri müəyyən müddət ərzində sanki ana bətnindəymiş kimi dəstəkləməyi hədəfləyir.
Cagdaş.az xəbər verir ki, xüsusilə hamiləliyin 22-24-cü həftələri arasında baş verən erkən doğuşlarda körpələrin ana bətni xaricində yaşama ehtimalı olduqca aşağıdır. Mövcud tibbi cihazlar onların nəfəs almasına və həyatda qalmasına kömək etsə də, müxtəlif ağırlaşma riskləri qalmaqda davam edir.

Yeni texnologiya körpənin keysəriyyə əməliyyatı ilə dünyaya gətirildikdən sonra xüsusi maye ilə doldurulmuş mühitə yerləşdirilməsini nəzərdə tutur. Bu mühit körpənin ürək, ağciyər və digər həyati orqanlarına əlavə vaxt qazandıraraq inkişafın davam etməsinə şərait yaradır. Beləliklə, körpə faktiki doğuşdan sonra da inkişaf prosesini davam etdirə bilir.
Hollandiyada fəaliyyət göstərən “AquaWomb” adlı şirkətin hazırladığı prototip ana bətnini təqlid edən xüsusi bir tankda körpələrin inkişafını dəstəkləyən sistemdən ibarətdir. Alimlər bu texnologiyanın xüsusilə həddindən artıq erkən doğulan körpələr arasında sağ qalma göstəricilərini yüksəldəcəyinə ümid edirlər.
Digər tərəfdən, bu yenilik təkcə elmi nailiyyət kimi deyil, həm də etik və sosial müzakirələrə səbəb olub. Bəzi mütəxəssislər körpələrin ana bətni xaricində böyüdülməsinin ailə münasibətləri, valideynlik anlayışı və həyatın mahiyyəti ilə bağlı ciddi suallar yaratdığını bildirirlər. Onlar insan üzərində sınaqlara başlanmazdan əvvəl bu məsələlərin diqqətlə dəyərləndirilməsinin vacibliyini vurğulayırlar.
















