“Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə yollanmağa hazırlaşan gənclər psixoloji baxımdan özlərini bir sıra mühüm məqamlara əvvəlcədən hazırlamalıdırlar”.
Cagdas.az bildirir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib

Ekspert bildirib ki, hərbi xidmətə gedəcək gənclər ilk növbədə ordumuzun və dövlətimizin tarixi ilə yaxından tanış olmalı, Vətən müharibəsi zamanı qəhrəman əsgərlərimizin keçdiyi döyüş yolunu dərindən öyrənməlidirlər. Onun sözlərinə görə, bu biliklər gənclərdə həm məsuliyyət hissini artırır, həm də vətənpərvərlik ruhunu daha da gücləndirir.
“Gənclərimiz ordu həyatına fiziki, mənəvi və psixoloji cəhətdən hazır olmalıdırlar. Onlar son 80 ilin tək qalib ordusunda xidmət etdiklərinə görə qürur duymalıdırlar. Vətənin müdafiəsi üçün qarşılarına çıxacaq bütün çətinliklərə və məhrumiyyətlərə hazır olmalıdırlar”, – deyə Verdiyev qeyd edib.
Hərbi ekspert vurğulayıb ki, xidmətə gedən hər bir gənc böyük və müqəddəs bir vəzifəni icra etdiyini anlamalıdır:
“Bu vəzifənin öhdəsindən gəlmək üçün onlar dözümlülük, cəsarət və yüksək vətənpərvərlik nümayiş etdirməlidirlər”.
Ədalət Verdiyev hesab edir ki, düzgün psixoloji hazırlıq həm xidmətin daha rahat keçməsinə, həm də gənclərin orduda daha effektiv fəaliyyət göstərməsinə şərait yaradır.(konkret.az)










