İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın İrana qarşı tətbiq etməyi planlaşdırdığı dəniz blokadasının yanacaq qiymətlərində ciddi artıma səbəb olacağını bildirib.
Çağdaş.Az-ın xəbərinə görə, Qalibaf sosial şəbəkə hesabında paylaşım edərək qeyd edib ki, hazırkı benzin qiymətləri tezliklə daha da yüksələcək:
“Hazırda yanacaqdoldurma məntəqələrindəki qiymətlərin dadını çıxarın. Sözdə ‘blokada’ ilə birlikdə tezliklə 4–5 dollarlıq benzini belə arzulayacaqsınız”, – deyə o vurğulayıb.
İran rəsmisi paylaşımında Ağ Ev yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində qiymətləri göstərən tətbiqdən ekran görüntüsü də paylaşıb.
ABŞ-ın blokada qərarı
Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ Prezidenti Donald Trampın göstərişi ilə İran limanlarına giriş-çıxışı əhatə edən dəniz nəqliyyatına qarşı blokada tətbiq ediləcəyini açıqlamışdı.
Məlumata görə, blokada aprelin 13-də Türkiyə vaxtı ilə saat 17:00-dan qüvvəyə minəcək və Fars körfəzi ilə Oman körfəzi də daxil olmaqla İranın bütün liman və sahil ərazilərinə daxil olan və ya bu ərazilərdən çıxan bütün ölkələrin gəmilərinə şamil olunacaq.
Bununla yanaşı, Hörmüz boğazından istifadə edən gəmilərin hərəkət azadlığının məhdudlaşdırılmayacağı bildirilib.

















