Kuba Prezidenti Migel Dias-Kanel mümkün ABŞ müdaxiləsi halında ölkəsinin özünü müdafiə edəcəyini və sona qədər mübarizə aparacağını bəyan edib.
Çağdaş.Az-ın xəbərinə görə, “NBC News” telekanalının “Meet the Press” proqramında çıxış edən Dias-Kanel bildirib ki, ABŞ-ın Kubanı işğal etməsi üçün heç bir əsaslı səbəb yoxdur.
“Əgər bu baş versə, qarşıdurma olacaq, mübarizə olacaq. Özümüzü müdafiə edəcəyik və əgər ölmək lazım gələrsə, öləcəyik”, – deyə o vurğulayıb.
Kuba lideri əlavə edib ki, ölkə vətəndaşları vətənlərini nə bahasına olursa-olsun qorumağa hazırdır. Onun sözlərinə görə, ABŞ-ın Kubaya qarşı hərbi əməliyyat keçirməsi, “cərrahi zərbə” endirməsi və ya dövlət başçısını qaçırması üçün heç bir əsas yoxdur.
ABŞ-dan Kubaya neft məhdudiyyəti
ABŞ Prezidenti Donald Tramp yanvarın 30-da Kubaya neft satan və ya təmin edən ölkələrdən idxal olunan bütün mallara gömrük rüsumlarının tətbiqini nəzərdə tutan sərəncam imzalayıb.
Ağ Ev bu qərarın Kubanın “zərərli fəaliyyət və siyasətlərinə” qarşı ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarını qorumağa yönəldiyini bildirib.
Tramp fevralın 1-də Kuba ilə neft təchizatının tənzimlənməsi üzrə danışıqlara başlanıldığını açıqlasa da, Havana bunu təkzib edib.
Kuba hökuməti isə xaricdən neft tədarükü olmadan ölkənin dayanıqlığını təmin etmək üçün fövqəladə tədbirlər paketini işə salıb.
















