Böyük Britaniyanın müdafiə naziri Con Hili münaqişə başa çatdıqdan sonra Ukraynaya britaniyalı hərbçilərin göndərilməsini istədiyini açıqlayıb.
Çağdaş.Az bildirir ki, o, bu barədə “The Daily Telegraph” qəzetində dərc olunan məqaləsində yazıb:
“Ukraynaya britaniya qoşunlarını yerləşdirən müdafiə naziri olmaq istəyirəm. Çünki bu, müharibənin nəhayət sona çatması demək olacaq”.
Nazir əlavə edib ki, bu addım Ukraynada sülhün əldə olunması anlamına gələcək və təhlükəsiz Avropa güclü, suveren Ukraynaya ehtiyac duyur.
Ayın əvvəlində Rusiyanın Londondakı səfiri Andrey Kelin Channel 4 telekanalına müsahibəsində bildirib ki, Moskva sülh razılaşması çərçivəsində NATO üzvü olan ölkələrin qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsinə imkan verməyəcək.
Diplomat qeyd edib ki, belə bir addım “Rusiyaya qarşı yeni hücum xəttinin yaradılması” təhlükəsi yaradar və bu səbəbdən Böyük Britaniya və Fransanın “Könüllülər koalisiyası” çərçivəsində Ukraynaya təhlükəsizlik zəmanəti kimi qoşun göndərilməsi ideyasını “qəbuledilməz və ümidsiz” adlandırıb.
















