Supermarketlərdə “Rəqəm oyunu”: 100 qramlıq qiymətlərlə alıcılar necə tələyə salınır?
Son zamanlar paytaxtın və bölgələrin iri ticarət şəbəkələrində alıcıları çaşdıran yeni bir tendensiya geniş vüsət alıb. Artıq bir çox məhsulların, xüsusilə çəki ilə satılan malların qiymət etiketlərində 1 kiloqramın deyil, 100 qramın qiyməti qeyd olunur. Bu üsul psixoloji olaraq məhsulun daha ucuz olduğu təəssüratını yaratsa da, əslində istehlakçıların cibinə zərbə vuran gizli bir marketinq gedişidir.
Çağdaş.Az xəbər verir ki,mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Oxu24.com-a açıqlamasında qanunvericilikdəki boşluqlardan və marketlərin müraciət etdiyi metodlardan bəhs edib.
Eyyub Hüseynov bildirir ki, marketoloqlar və satış şəbəkələri istehlakçıları manipulyasiya etmək üçün minlərlə üsula malikdirlər. Bunun ən böyük səbəbi isə qanunvericilikdəki müəyyən çatışmazlıqlardır:
“Təəssüf ki, bizim qanunvericilikdə qiymət kağızında məhsulun hansı vahidlə (kq və ya qram) göstərilməli olduğuna dair sərt tələb yoxdur. Bu boşluqdan istifadə edən sahibkarlar qiyməti kiçik rəqəmlərlə göstərib, alıcını psixoloji olaraq həmin malı almağa sövq edirlər”.
Ekspertin sözlərinə görə, aldadılma təkcə rəqəmlərlə bitmir. Çox vaxt istehlakçı vizual olaraq 1 kiloqram hesab etdiyi qablaşdırılmış məhsulu alır, lakin evdə məlum olur ki, tərkibində cəmi 800 qram məhsul var. Beləliklə, vətəndaş fərqində olmadan hər paketdə 200 qram itirmiş olur.
Nazirlər Kabinetinin 94 saylı qərarına diqqət çəkən AİB sədri qeyd edib ki, bazarda satılan hər bir mal, o cümlədən konfetlər qablaşdırılmalı və üzərində aşağıdakı məlumatlar mütləq əks olunmalıdır:
* İstehsal tarixi və son yararlılıq müddəti
* Məhsulun dəqiq çəkisi (miqdarı).
Lakin real mənzərə fərqlidir. Açıq satılan konfetlərin üzərindəki qiymətlər çox vaxt alıcını cəlb etmək üçün “parçalanmış” şəkildə təqdim olunur ki, bu da istehlakçı hüquqlarının birbaşa pozulmasıdır.
Bu növ aldatma üsulları təkcə Azərbaycana xas deyil.
Eyyub Hüseynov vurğulayır ki, Avropa ölkələrində, xüsusən İspaniya və İtaliyada daha irəli gedirlər. Məsələn, qiyməti “5.99” yazıb, 99 rəqəmini o qədər kiçik edirlər ki, alıcı uzaqdan onu 5.00 kimi qəbul edir.
Çıxış Yolu Nədir?
Ölkədə istehlakçı siyasətinin arxa planda qaldığını deyən ekspert, hazırkı vəziyyətdə yeganə xilası alıcıların diqqətli olmasında görür:
“İstehlakçıları daha diqqətli olmağa çağırmaqdan başqa əlacımız yoxdur. Hər bir vətəndaş etiketi diqqətlə oxumalı, 100 qram və 1 kiloqram fərqinə varmalıdır. Unutmayın, ucuz görünən hər rəqəm əslində cibinizdən daha çox pul çıxmasına xidmət edə bilər”.
Alış-veriş edərkən yalnız böyük rəqəmlərə deyil, onların yanındakı kiçik qeydlərə (qramajlara) də mütləq baxın!















