İtaliyanın Baş naziri Corcia Meloni rəsmi iqamətgahı Palazzo Kicidə keçirilən tədbirdə Baş nazirlik aparatının əməkdaşları qarşısında çıxış edərək, ötən ilin hər kəs üçün asan olmadığını bildirib. O, zarafatla qeyd edib ki, qarşıdakı dövrün də ciddi sınaqlarla müşayiət olunacağı gözlənilir.
Çərşənbə axşamı günü Romada yerləşən Baş nazirliyin rəsmi binası Palazzo Kicidə baş nazirlik əməkdaşlarını qəbul edən Meloni, tarixi sarayın həyətində, yağış altında təşkil olunan Yeni il proqramında gələn il üçün fikirlərini bölüşüb. Öz komandası, müşavirlər, katiblər və direktorlar daxil olmaqla geniş auditoriyaya müraciət edən baş nazir çıxışında bunları deyib:
“Sizi sevirəm. Biz bir ailəyik və il ərzində çiyin-çiyinə mübarizə aparırıq. Bu il hamımız üçün çətin keçdi, amma narahat olmayın, 2026 daha da çətin olacaq”, – deyə Meloni zarafatla bildirib.
İtaliyanın baş naziri əməkdaşlarına bayram günlərində yaxşı dincəlməyi tövsiyə edərək vurğulayıb ki, qarşıdakı dövrdə bu fövqəladə ölkə üçün həll yolları tapmaq işini davam etdirmək lazım olacaq.
















