Son dövrlərdə Azərbaycanın daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımları həm alıcıların, həm də bazar iştirakçılarının diqqət mərkəzindədir. Xüsusilə paytaxt və iri şəhərlərdə mənzilə tələbin yüksək olaraq qalması, tikinti xərclərinin artması, urbanizasiya proseslərinin sürətlənməsi və investisiya məqsədli alışların çoxalması qiymətlərin davamlı yüksəlişinə səbəb olan əsas amillər kimi göstərilir.
Rəsmi statistikaya görə, son bir ildə mənzil bazarında qiymətlər 8,1 faiz artıb. Bu artım ilkin bazarda daha kəskin – 13,1 faiz, təkrar bazarda isə 8,1 faiz təşkil edib. Görünən odur ki, xüsusilə yeni tikililərə marağın yüksək olması və tikinti sektorunda xərclərin artması ilkin bazarda qiymətlərin daha sürətlə bahalaşmasına gətirib çıxarır.
Bununla yanaşı, bazarda formalaşan qiymət dinamikası ümumi iqtisadi artım tempini üstələməsi ilə də diqqət çəkir. Bu isə qiymətlərin nə qədər davamlı və dayanıqlı olması, yaxın dövrdə artım tempinin zəifləyib-zəifləməyəcəyi ilə bağlı sualları daha da aktuallaşdırır. Mövcud şəraitdə həm təklifin, həm də tələbin davranışı bazarın gələcək istiqamətini müəyyən edən əsas faktor kimi çıxış edir.
Məhz bu kontekstdə əsas sual belə formalaşır: mənzil bazarında müşahidə olunan yüksək qiymət artımı uzunmüddətli tendensiyaya çevriləcək, yoxsa yaxın aylarda bazarda nisbətən sabitləşmə və ya yavaşlama müşahidə olunacaq?
Mövzu ilə bağlı açıqlama verən əmlak eksperti Ramil Osmanlı bildirib ki, mənzil bazarı üzrə qiymət artımları əvvəlki illərlə müqayisədə qismən azalıb.
Onun sözlərinə görə, əvvəlki illərdə illik qiymət artımları 20% həddində və ondan daha yuxarı olurdu, amma ötən il bu rəqəmlər 12% həddinə qədər azalıb.

Ekspert qeyd edib ki, illik ümumi iqtisadi göstəricilərə rəğmən artım tempi daha yüksəkdir, iqtisadi göstəricilərə adekvat deyil:
“Bu mənada hesab edirəm ki, bu dinamikanın nə zaman azalacağı ilə bağlı fikirlər, müzakirələr təbii ki, aktualdır. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlak bazarında qiymət tənzimlənmir, burada qiymətləri bazar tənzimləyir. Bazar münasibətlərinə uyğun olaraq da qiymətlər təəssüf ki artır, burada qəbul olunan müəyyən qərarlar, inzibati təsirlər bu prosesə müəyyən mənada öz təsirini göstərir. Nəticə etibarilə biz indiki halda qiymətlərin artımını daha çox müşahidə edirik”.
R.Osmanlı hesab edir ki, bu artım tempi hansısa təsirlər nəticəsində azala bilməz:
“Yalnız bazarda müəyyən passivlik nəticəsində tələb azaldıqca qiymətin aşağı düşməsini biz müşahidə edə bilərik. Bu il hər halda hesab edirəm ki, daha passiv bir dönəmdən keçirik. Bu barədə indidən fikir söyləmək tezdir. Əgər proseslər indiki şəkildə davam edərsə, ilin sonuna doğru yəqin qiymətlərin ötən illə müqayisədə nisbətən də azaldığını müşahidə edə bilərik”.(sfera.az)
















