Azərbaycanda pensiya kapitalının formalaşması və hesablanması vətəndaşın rəsmi maaşı və həmin maaşdan ödənilən məcburi sosial sığorta haqları əsasında aparılır. Maraqlıdır, pensiya kapitalı necə hesablanır?
Cagdas.az xəbər verir ki bu barədə açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, pensiya kapitalı birbaşa maaşdan tutulmalar hesabına formalaşır:
“Pensiya kapitalı maaşdan hesablanır. İnsanlar çalışdıqları müddətdə təqaüd fonduna ödəniş edirlər. Qeyri-neft özəl sektorda çalışanlar maaşlarının 10 faizini məcburi sosial sığorta haqqı kimi ödəyirlər. Bunun bir hissəsini işçi, bir hissəsini isə işəgötürən ödəyir”.
Ekspertin sözlərinə görə, dövlət sektorunda çalışanlar üçün isə fərqli mexanizm tətbiq olunur:
“Dövlət sektorunda çalışan şəxslər maaşlarının 3 faizini öz əmək haqlarından pensiya fonduna ödəyirlər. Eyni zamanda işəgötürən tərəfindən də əlavə sosial sığorta ödənişləri həyata keçirilir”.
Natiq Cəfərli qeyd edib ki, şəxsin rəsmi əməkhaqqı nə qədər yüksək və sosial sığorta stajı nə qədər uzun olarsa, gələcəkdə formalaşan pensiya kapitalı da bir o qədər çox olur. Pensiyanın məbləği məhz bu kapital və sığorta stajı əsasında müəyyənləşdirilir.(konkret.az)











