Kremlin sözçüsü Dmitri Peskov ABŞ nümayəndələrinin Avropa və Ukrayna rəsmiləri ilə apardığı danışıqlar barədə Vaşinqton administrasiyası ilə təmaslara hazırlaşdıqlarını bildirib.
Cagdas.az bildirir ki, Peskov Moskvada jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb. ABŞ və Rusiya rəsmilərinin yaxın vaxtlarda Mayamidə görüş keçirəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Kremlin sözçüsü qeyd edib ki, ABŞ tərəfinin avropalılar və ukraynalılarla apardığı danışıqların nəticələri barədə məlumat almaq məqsədilə amerikalı həmkarları ilə müəyyən təmaslara hazırlıq gedir.
ABŞ-nin Venesuelanın şimal sahilləri yaxınlığında hərbi mövcudluğunu artırması və bölgədə gərginliyin yüksəlməsi məsələsinə də toxunan Peskov bildirib ki, Latın Amerikası regionunda gərginliyin artması müşahidə olunur və bu, potensial baxımdan olduqca təhlükəli hesab edilir.
Region ölkələrini təmkinli davranmağa çağıran Peskov vurğulayıb ki, Venesuela Rusiyanın müttəfiqi və tərəfdaşıdır, tərəflər arasında, o cümlədən yüksək səviyyədə, davamlı əlaqələr mövcuddur.
Kremlin sözçüsü, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən son görüşdə S-400 hava hücumundan müdafiə sistemlərinin qaytarılması məsələsinin müzakirə olunmadığını da qeyd edib./Haber Global/










