Ermənistan parlamentinin spikeri Alen Simonyan regional təhlükəsizlik məsələlərinə münasibət bildirib.
Çağdaş.Az xəbər verir ki, o, martın 3-də Milli Assambleyada jurnalistlərə açıqlamasında Yaxın Şərqdə və İran ətrafında baş verən hadisələrin TRIPP layihəsi üçün təhlükə yaratmadığını deyib.
Simonyan qeyd edib ki, bölgədə yaşanan hadisələr ciddi geosiyasi xarakter daşıyır və hətta “ən böyük müharibələrdən biri” kimi qiymətləndirilə bilər. Bununla belə, o, baş verənlərin Ermənistanla birbaşa bağlı olmadığını vurğulayıb.
“Biz baş verən itkilərə görə çox təəssüflənirik və ümid edirik ki, bu hadisələr uzun çəkməz. Çünki proseslər birbaşa qonşumuzun ətrafında cərəyan edir və bu, bizi narahat etməyə bilməz. Amma anlayırıq ki, bu, çox böyük geosiyasi məsələdir və şükürlər olsun ki, bizimlə əlaqəli deyil”, – deyə parlament sədri bildirib.
Simonyan əlavə edib ki, Ermənistan üçün əsas prioritet ölkəni mümkün risklərdən qorumaqdır. Onun sözlərinə görə, İrəvan hər hansı prosesin sülh gündəliyinə zərbə vurmasına imkan verməməlidir.
Spiker, həmçinin vurğulayıb ki, müharibə fonunda Ermənistan və Azərbaycan arasında sülh üçün “konturların müəyyənləşdirilməsi” müsbət haldır və bu proses davam etdirilməlidir./Referans Media/
















