ABŞ ordusu Yaxın Şərqdəki əsas müttəfiqlərindən birini İrana mümkün hücuma hazır olmağa çağırıb.
Cagdas.az xəbər verir ki, bir neçə mənbənin Drop Site News-a verdiyi məlumata görə, ABŞ-ın yüksək rütbəli hərbi rəsmiləri həmin ölkənin rəhbərliyinə bildiriblər ki, Prezident Donald Tramp bu həftəsonu İrana qarşı hərbi əməliyyata icazə verə bilər. ABŞ bu addımı atacağı təqdirdə, zərbələrin bazar günü başlanması ehtimalı istisna edilmir.
Mənbələrin bildirdiyinə görə, Tramp administrasiyası yalnız hərbi obyektləri deyil, eyni zamanda İranın yüksək vəzifəli siyasi və hərbi rəhbərliyini hədəfə almağı da nəzərdən keçirir. Məqsədin İran hökumətinin devrilməsinə təkan vermək olduğu iddia olunur.
Yaxın Şərq siyasəti üzrə Tramp administrasiyasına qeyri-rəsmi məsləhətlər verən sabiq yüksək rütbəli ABŞ kəşfiyyat rəsmisi bildirib ki, planlaşdırılan hücumlar İranın nüvə obyektlərini, ballistik raket infrastrukturlarını və digər hərbi hədəfləri əhatə etsə də, əsas diqqət İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinin və imkanlarının sıradan çıxarılmasına yönələcək. Qeyd edək ki, SEPAH 1979-cu il inqilabından sonra yaradılıb və hazırda İranın siyasi və iqtisadi həyatında mühüm rol oynayır.
Mənbənin sözlərinə görə, Tramp administrasiyasında belə bir yanaşma var ki, İran rəhbərliyinə uğurlu zərbə endirildikdən sonra ölkədə kütləvi etirazlar yenidən alovlanacaq və bu da hakimiyyətin süqutuna gətirib çıxaracaq. Bildirilib ki, İsrailin Baş naziri Benyamin Netanyahu hücumu açıq şəkildə dəstəkləyir və Trampa Qərblə dost münasibətlər quracaq yeni hökumətin formalaşdırılmasında İsrailin kömək edə biləcəyinə dair təminat verir.
İki yüksək rütbəli ərəb kəşfiyyat rəsmisi də ABŞ-ın İrana hücumunun “çox yaxın zamanda” baş verə biləcəyi barədə məlumat aldıqlarını bildirib.
Diplomatik cəhdlər davam edir
Bu açıqlamalar region ölkələrinin ABŞ və İran arasında müharibənin qarşısını almaq üçün son anda diplomatik təşəbbüslər göstərdiyi bir vaxta təsadüf edir. Cümə günü İranın xarici işlər naziri Türkiyə rəsmiləri ilə görüşərək mümkün diplomatik həll yollarını müzakirə edib. Mənbələr bildirir ki, İran, ABŞ və Türkiyə arasında üçtərəfli gizli danışıqlar formatının yaradılması istiqamətində də cəhdlər var.
Səudiyyə Ərəbistanı dövlət xəbər agentliyi SPA-nın məlumatına görə, vəliəhd şahzadə Məhəmməd bin Salman İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında ölkəsinin hava məkanının ABŞ-ın İrana mümkün hücumu üçün istifadəsinə icazə verməyəcəyini bildirib. Birləşmiş Ərəb Əmirlikləri də analoji mövqe nümayiş etdirərək öz hava və dəniz məkanının hərbi əməliyyatlar üçün açılmayacağını bəyan edib.
İrandan sərt xəbərdarlıq
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məsələ ilə bağlı şərh verməkdən imtina edib. Ağ Ev isə Trampın Ağ Evdə verdiyi açıqlamaya istinad edib. Prezident Tramp bildirib ki, ABŞ-a məxsus böyük hərbi donanma hazırda İran istiqamətində hərəkət edir, lakin müharibənin qarşısını almaq üçün Tehrana ultimatum verilib-verilmədiyini təsdiqləməyib.
İran ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəminiya isə İran televiziya kanalına verdiyi müsahibədə ABŞ-ı sərt şəkildə xəbərdar edib. O bildirib ki, Vaşinqtonun belə bir səhvə yol verməsi müharibənin Trampın təsəvvür etdiyi kimi qısa və məhdud olmayacağını göstərəcək. Onun sözlərinə görə, münaqişə bütün regiona yayılacaq və İsrail də daxil olmaqla, ABŞ hərbi bazalarına ev sahibliyi edən ölkələr İranın raket və pilotsuz uçuş aparatlarının hədəfində olacaq.
İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, ABŞ xüsusilə İran rəhbərliyini hədəfə alarsa, cavab olaraq ABŞ hərbi obyektlərinə, regiondakı enerji infrastrukturlarına və İsrailə qarşı misli görünməmiş zərbələr endiriləcək.
ABŞ Dövlət katibi Marko Rubio Senatdakı dinləmələr zamanı bildirib ki, regionda yerləşən ABŞ bazalarında 30–40 min amerikalı hərbçi xidmət edir və müharibə halında onlar İranın dron və qısa mənzilli raketlərinin hədəfinə çevrilə bilər.
“İran bu dəfə daha sərt cavab verməyə qərarlıdır”
İranlı politoloq və Tehran Universitetinin professoru Fuad İzadi bildirib ki, əvvəlki illərdə İran rəhbərliyi gərginliyin böyüməməsi üçün ABŞ-a cavab zərbələri barədə əvvəlcədən məlumat verirdi. Lakin onun sözlərinə görə, bu strategiya nəticə verməyib və İranın yeni hərbi rəhbərliyi daha sərt cavab vermək qərarına gəlib.
İzadi qeyd edib ki, yeni strategiyaya əsasən, İrana hücum olacağı təqdirdə cavab zərbələrinin miqyası daha ağır olacaq və məqsəd ABŞ-a ciddi itkilər verməkdir.
İran danışıqlara açıqdır, amma təzyiq altında yox
İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Tehran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlara qayıtmağa hazırdır, lakin təhdid və güc dili ilə aparılan danışıqları qəbul etmir.
Əraqçi vurğulayıb ki, İranın müdafiə və raket imkanları heç bir halda danışıqlar mövzusu olmayacaq. O, eyni zamanda bildirib ki, İran mümkün müharibəyə hazırdır, lakin ədalətli və bərabərhüquqlu diplomatik həll yoluna da açıq qalır.
















