Üçüncü Dünya Müharibəsi baş verərsə, ən təhlükəsiz ölkələr hansılar olacaq? Milyonlarla insanın maraqlandığı bu sualın cavabı üçün 10 ölkədən ibarət siyahı açıqlanıb. Bəs bu siyahıya hansı ölkələr daxil edilib? Detalları təqdim edirik…
Çağdaş.Az xəbər verir ki, son həftələrdə ABŞ ilə İran arasında artan gərginlik qlobal siyasətdə temperaturu yenidən yüksəldib. Nüvə proqramı ətrafında sərt bəyanatlar, hərbi fəallıq və qarşılıqlı təhdidlər diplomatik kanallar açıq qalsa da, qeyri-müəyyənliyi daha da artırıb.
Məhz bu fonda dünyada bir sual daha çox səslənir: “Üçüncü Dünya Müharibəsi başlayırmı?” Qlobal güc balansının sürətlə dəyişdiyi, ittifaqların yenidən formalaşdığı və hərbi xərclərin rekord həddə çatdığı bir dövrdə təhlükəsizlik anlayışı da yenidən müzakirə olunur.
Bu çərçivədə Üçüncü Dünya Müharibəsi zamanı ən təhlükəsiz hesab edilən 10 ölkənin siyahısı dərc edilib.
ANTARKTİDA (bölgə)
Siyahı bir ölkə ilə yox, böyük bir qitə olan Antarktida ilə başlayır.
Ekstremal turizmi, möhtəşəm mənzərələri və buzla örtülü əraziləri ilə tanınan Antarktida, planetin ən cənub nöqtəsində yerləşdiyi üçün mümkün bir dünya müharibəsi zamanı insanların kütləvi şəkildə üz tutacağı yer kimi görülmür.
1) ARGENTİNA
1982-ci ildə Folklend adaları üstündə Böyük Britaniya ilə müharibə yaşamış olmasına baxmayaraq, Argentinanın nüvə müharibəsindən sonra aclıqdan ən çox xilas ola biləcək ölkələrdən biri olduğu müəyyən edilib.
Araşdırmalar göstərir ki, 100 nüvə bombasının partladılması günəş işığını əngəlləyəcək qədər tüstü yarada və bu da genişmiqyaslı aclığa səbəb ola bilər. Bu baxımdan buğda kimi dayanıqlı məhsulların bol olması Argentinanı nisbətən təhlükəsiz edir.
2) BUTAN
1971-ci ildə BMT-yə üzv olduqdan sonra Butan bütün beynəlxalq münaqişələrdə neytral mövqe tutduğunu elan edib.
Bu mövqe ona Qlobal Sülh İndeksində daim üst sıralarda yer almağa imkan verir. Dənizə çıxışı olmayan və dağlıq relyefə malik ölkə müharibə zamanı təhlükəsiz sığınacaq hesab olunur.
3) ÇİLİ
Dünyanın ən uzun sahil xəttinə sahib olan ölkələrindən biri – Çili, zəngin təbii resursları və inkişaf etmiş infrastrukturu ilə seçilir.
Argentina kimi, müxtəlif kənd təsərrüfatı məhsulları və xammal ehtiyatları sayəsində müharibə dövründə yaşamaq üçün əlverişli ölkə hesab olunur.
4) FİCİ
Fici Sakit okeanının cənub-qərbində yerləşən ada dövlətidir.
Ordusunun kiçik olması, sıx meşələri, zəngin balıq və mineral ehtiyatları onu müharibə zamanı təhlükəsiz sığınacaq kimi önə çıxarır.
5) İSLANDİYA
Dünyanın ən dinc ölkələrindən biri kimi tanınan İslandiya Qlobal Sülh İndeksində daim ilk sıralarda yer alır.
Təmiz su ehtiyatları, zəngin balıqçılıq və bərpa olunan enerji mənbələri sayəsində resurs baxımından özünü təmin edə bilən ölkədir.
6) İNDONEZİYA
Beynəlxalq siyasətdə əsasən neytral mövqe tutan İndoneziya siyahıya daxil edilən yeganə müsəlman ölkəsidir.
280 milyonluq əhalisinin 87 faizi müsəlman olan ölkə münaqişələrdə tərəfsiz qalmağa çalışır.
7) YENİ ZELANDİYA
Qlobal Sülh İndeksində ikinci yerdə qərarlaşan Yeni Zelandiya neytral siyasəti və dağlıq relyefi sayəsində təhlükəsizlik baxımından üstün mövqeyə malikdir.
8) İSVEÇRƏ
Siyasi neytrallıq deyildikdə ilk ağıla gələn ölkə İsveçrədir.
200 ilə yaxındır bitərəf mövqe sərgiləyən ölkə, dağlıq relyefi, dənizə çıxışının olmaması və çoxsaylı nüvə sığınacaqları ilə yüksək təhlükəsizlik səviyyəsinə malikdir.
9) CƏNUBİ AFRİKA
Münbit torpaqları, bol şirin su ehtiyatları və inkişaf etmiş infrastrukturu ilə Cənubi Afrika müharibə zamanı yaşamaq üçün əlverişli ölkələrdən biri sayılır.
10) TUVALU
Sakit okeanda, Havay və Avstraliya arasında yerləşən Tuvalu, cəmi 11 min nəfərlik əhalisi ilə müharibə riskindən uzaq görünür.
QRENLANDİYA SİYAHIDAN ÇIXARILDI
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı almaq istədiyini tez-tez dilə gətirməsi səbəbindən, Qrenlandiya artıq ən təhlükəsiz bölgələr sırasında yer almır.
















