ABŞ hökuməti UFO-larla bağlı yeni sənədlər, foto və videoların yer aldığı geniş arxivi ictimaiyyətə təqdim edib.
Çağdaş.Az xəbər verir ki, ABŞ üçüncü UFO arxiv paketini yayımlayıb.
Yeni sənədlər toplusuna Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Federal Təhqiqat Bürosu (FBI), NASA və Pentaqonun topladığı onlarla sənəd, fotoşəkil, video və audioyazı daxil edilib.
Arxivdə ən diqqətçəkən hadisələrdən biri sinxron şəkildə hərəkət edən parlaq işıq kürələrinin müşahidəsi olub. Sənədlərdə həmçinin təxminən 45 dəqiqə ərzində göl üzərində hərəkətsiz qaldığı bildirilən “plazma sferası”, eləcə də sürətini və düzülüş formasını ani dəyişən qırmızı işıqlarla bağlı agent hesabatları yer alıb.
Bununla yanaşı, 1950-ci illərə aid məxfilikdən çıxarılmış CIA sənədlərində hakimiyyət orqanlarına UFO mövzusuna ictimai marağın azaldılması tövsiyə olunub.
Buna baxmayaraq, yayımlanan materiallarda yadplanetlilərin mövcudluğunu təsdiqləyən hər hansı sübutun olmadığı vurğulanır. Lakin UFO-larla bağlı açıqlanan sənədlərin həcmi getdikcə artır./Musavat.com/
















