Bir çox insanın xəyalı olan yuxular vasitəsilə ünsiyyət qurmaq artıq elm adamlarının araşdırma mövzusu olmaqdan çıxaraq reallığa yaxınlaşır. Kaliforniyalı yuxu texnologiyası tədqiqatçısı və onun komandası tərəfindən hazırlanmış xüsusi cihaz insanların yuxuda bir-biri ilə əlaqə yaratmasına imkan verir.
“Cagdas.az”ın “Daily Sabah”a istinadən məlumatına görə, bu araşdırma REM yuxusunu aşkarlayan və yuxuda olan iştirakçılar arasında səs siqnallarını ötürən və geyilə bilən cihazın istifadəsi ilə aparılıb. Tədqiqatın nəticələrinə əsasən, komanda yuxular zamanı insanlar arasında iki tərəfli ünsiyyət qurmağı bacarıb.
“Yuxuda etdiklərinizi idarə edə bilərsiniz”
Araşdırmanın rəhbəri Michael Raduga Anadolu Agentliyinə açıqlamasında bildirib ki, komanda illərdir “yuxudan yuxuya ünsiyyət” üzərində çalışır. Onun sözlərinə görə, bu proses “aydın yuxu” adlanan hadisə vasitəsilə mümkündür:
“REM yuxusu zamanı şüurunuz açıq olur və sanki real həyatda baş verənləri anlayırsınız. Beləliklə, rüyada nə etdiyinizi idarə edə bilirsiniz.”
Raduga araşdırmaya yalnız “çox inkişaf etmiş aydın yuxu görənlər”in cəlb edildiyini qeyd edib:
“Dünya üzrə tədqiqatlarımıza qatıla biləcək bəlkə də yalnız bir neçə onlarla insan var. Bu, çox stressli və çox təcrübə tələb edir.”
İştirakçılara sensörlü cihaz taxılıb
Tədqiqat çərçivəsində iştirakçıların göz hərəkətləri və üz əzələlərinin reaksiyalarını ölçə bilən xüsusi sensörlü cihazdan istifadə olunub. Bu sistem tədqiqatçıların REM yuxusunu yüksək dəqiqliklə müəyyən etməsinə və yatan şəxsin nə zaman şüurlu vəziyyətə keçdiyini təyin etməsinə imkan verib.
Komanda yuxuda olan şəxslərə cihaz vasitəsilə qısa və təsadüfi cümlələri təkrarlamaq kimi tapşırıqlar verib. Əgər yatan şəxs cümləni olduğu kimi təkrarlayıbsa, bu, mesajın yuxu vasitəsilə ötürülə bildiyini təsdiqləyib.
“Bu, həyatımın ən həyəcanverici anlarından biri idi”
Raduqa bu təcrübənin illərlə sınaq və hazırlıq tələb etdiyini və nəhayət uğur qazandıqları anın həyatının ən həyəcanlı məqamlarından biri olduğunu bildirib.
Tədqiqatçı daha inkişaf etmiş yuxu yazma texnologiyasının bir çox insanın gözləntisi olduğunu desə də, bu sahədə etik problemlərin yarana biləcəyinə də diqqət çəkib.


