Çexiyada oftalmologiya sahəsində diqqətçəkən yenilik əldə olunub. Praqada yerləşən “Kralovske Vinohrady” Universitet Xəstəxanasının həkimləri ciddi görmə problemləri yaşayan xəstələr üçün ümidverici müalicə üsulu tətbiq ediblər.
Cagdas.az xəbər verir ki, yaşa bağlı görmə zəifliyindən əziyyət çəkən şəxslərin gözlərinə xüsusi mini teleskop implantları yerləşdirilib. Bu texnologiya oxumaq, insanları tanımaq və sərbəst hərəkət etmək imkanlarını itirmiş xəstələr üçün görmənin qismən bərpasına şərait yaradır.
Çex mütəxəssislərinin hazırladığı bu yenilik klassik teleskopa bənzər, lakin göz üçün uyğunlaşdırılmış xüsusi optik sistemdir. İmplant yalnız bir gözə yerləşdirilir və iki güclü linzadan ibarətdir. Linzalar arasında yerləşən, qazla doldurulmuş kamera isə görüntünün keyfiyyətini artırmaqla yanaşı, sistemin qorunmasına xidmət edir.
Mütəxəssislər hesab edirlər ki, bu ixtira gələcəkdə minlərlə insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər./EuroPuls/
















