Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Aralıq dənizində Rusiyaya məxsus bir neft tankerinə pilotsuz uçuş aparatları (PUA/İHA) ilə hücum həyata keçirdiyi iddia olunub.
Cagdas.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Ukrayna tərəfi Aralıq dənizində Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən bir neft tankerini İHA-larla hədəfə alıb.
Ukrayna mediasında yayılan xəbərlərdə hücumun SBU tərəfindən “QENDIL” adlı tankerə qarşı təşkil edildiyi irəli sürülür. Bildirilir ki, Rusiya bu tankerdən beynəlxalq sanksiyalardan yayınmaq və Ukraynaya qarşı apardığı müharibəni maliyyələşdirmək məqsədilə gəlir əldə etmək üçün istifadə edirdi.
Xəbərlərdə həmçinin vurğulanır ki, hücum Aralıq dənizinin neytral sularında, Ukrayna ərazisindən iki min kilometrdən artıq məsafədə həyata keçirilib. Bu isə SBU-nun ilk dəfə olaraq bu dənizdə Rusiya gəmisinə qarşı İHA vasitəsilə hücum təşkil etməsi kimi qiymətləndirilir.










