Türkiyənin Azərbaycana sərmayələri təqribən 18 milyard dollar, Azərbaycanın Türkiyəyə investisiyaları isə 21 milyard dollar civarındadır.
Bakıda dekarbın 22-23-də Türkiyə-Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçiriləcək.
“Cagdas.az” Türkiyənin Azərbaycandakı səfirliyinə istinadla xəbər verir ki, iclasda Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığı müzakirə ediləcək. Tədbirə Türkiyə tərəfdən vitse-prezident Cevdet Yılmaz, Azərbaycan tərəfdən isə Baş nazir Əli Əsədov sədrlik edəcək. Təkbətək və nümayəndə heyətləri səviyyəsində keçiriləcək görüşlərdə 15 milyard dollarlıq ticarət həcmi hədəfinə doğru atılacaq addımların müzakirə ediləcəyi, ticarətin asanlaşdırılması ilə bağlı mövzuların qiymətləndiriləcəyi gözlənilir.
Proqram çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələri dərinləşdirmək, işgüzar dairələri bir araya gətirmək, birgə investisiya imkanlarını inkişaf etdirmək məqsədilə 2-ci Türkiyə-Azərbaycan İnvestisiya Forumu təşkil olunacaq. Forumda Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və ticarət naziri Ömər Bolat, Azərbaycanın baş naziri Əli Əsədov və iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı gözlənilir.
Eyni kontekstdə MÜSİAD-ın Azərbaycan Baş Assambleyasında Türkiyə və Azərbaycan iş adamları ilə görüşlər gözlənilir. Vitse-prezident Yılmazın Bakı proqramı çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə də görüşü nəzərdə tutulub. Türkiyə uzun müddətdir ki, Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir. 2024-cü ildə Türkiyənin Azərbaycana ixracı 3,1 milyard dollar, Azərbaycandan idxalı isə 4,8 milyard dollar təşkil edib. Türkiyə Azərbaycanın ikinci ən böyük ixrac bazarı və üçüncü ən böyük idxal bazarıdır. ;>
Türkiyənin Azərbaycana sərmayələri təqribən 18 milyard dollar, Azərbaycanın Türkiyəyə investisiyaları isə 21 milyard dollar civarındadır.
Azərbaycanda 7000-ə yaxın türk tərəfdaşlı şirkət, Türkiyədə isə 3100-ə yaxın Azərbaycan tərəfdaşlığı ilə şirkət fəaliyyət göstərir. Bu günə qədər türk podrat firmaları Azərbaycanda dəyəri təxminən 21,1 milyard dollar olan 558 layihə həyata keçirib.
İclas çərçivəsində imzalanması planlaşdırılan Birgə Hökumətlərarası Komissiyanın Protokol və Fəaliyyət Planı ticarətdən enerjiyə, nəqliyyatdan səhiyyəyə, təhsildən mədəniyyətə qədər bir çox sahədə Türkiyə-Azərbaycan iqtisadi və ticarət əlaqələrinin yol xəritəsini müəyyən etməyi hədəfləyir. Keçiriləcək İnvestisiya Forumunun iki ölkənin işgüzar dairələri arasında ünsiyyəti gücləndirəcəyi və regional iqtisadi əməkdaşlığa töhfə verəcəyi gözlənilir.










