Bakının mərkəzində, uzun illər sakinlərin istirahət etdiyi, yaşıllığı və səliqəsi ilə seçilən bir parkın ərazi hazırda hasarlanıb və burada böyük qazıntı işləri aparılır. Söhbət “Rixard Zorge” abidəsi və İkinci Dünya müharibəsində həlak olmuş döyüşçülərin memorialının arxa hissəsində yerləşən park sahəsindən gedir.
Cagdas.az xəbər verir ki, bu ərazi paytaxt sakinlərinə yaxşı tanış idi.
Xüsusilə “Koala” uşaq attraksionlar parkı yaxınlığında yerləşməsi səbəbindən ailələrin və uşaqların tez-tez üz tutduğu istirahət məkanlarından sayılırdı.
Lakin son həftələrdə parkın böyük hissəsi dəmir hasarlarla əhatəyə alınıb, yaşıllıq örtüyü dağıdılıb və dərin qazıntılara başlanılıb.
Park var idi, indi isə…
Ən diqqətçəkən məqam odur ki, ərazidə aparılan işlərlə bağlı heç bir rəsmi məlumat lövhəsi yerləşdirilməyib. Qanunvericiliyə əsasən, tikinti və ya yenidənqurma aparılan sahədə layihənin adı, icraçı qurum, icazə verən orqan və işlərin məqsədi barədə açıq məlumat olmalıdır. Lakin sözügedən ərazidə bu tələblərin heç biri yerinə yetirilmir.
Bu vəziyyət haqlı olaraq bir sıra suallar doğurur: İctimai istifadə üçün nəzərdə tutulmuş park ərazisində nə tikilir?
Qeyd edək ki, Bakı şəhərinin təbiəti burada yaşıllıq ərazilərin genişləndirilməsini tələb edir. Ekoloqların tövsiyəsi ilə ötən əsrin 60-70-ci illərindən Bakıda geniş ərazilərdə yaşıllıqların, o cümlədən parkların salınmasına başlanılıb. Həmin tədbirlərin hesabına Bakı şəhirinin, Abşeron yarımadasının çox hissəsi yaşıllıqlarla əhatə olundu.
Lakin təəssüflər olsun ki, son onilliklərdə paytaxtda və onun ətrafında tikintilərin genişlənməsi yaşıllıq ərazilərinin kiçilməsinə, ağacların kütləvi şəkildə qırılması ilə nəticələndi
Xatırladaq ki, hələ bu prosesin başladığı ilk dövrlərdə Ümummilli Lider Heydər Əliyev ağacların kəsilməsinə etiraz edərək öz tarixi çıxışını etmişdi: “Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir…. İnsan qurmalıdır, yaratmalıdır… hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də, siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız…”
Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən rəsmi mövqe açıqlanmayıb. Nə parkın gələcək taleyi, nə də qazıntıların məqsədi barədə ictimaiyyətə məlumat verilib.
Bakının mərkəzində mövcud olmuş bir parkın səssiz-sədasız “yoxa çıxması” cavabsız qaldıqca, suallar daha da artır.(sfera.az)
















