Son dəqiqə

Təbiətin kodu: Göz bəbəyi heyvanın ovçu, yoxsa ov olduğunu göstərir

Manşet

Heyvanların göz bəbəklərinin müxtəlif formalarda olması onların təbiətdəki ekoloji rolu və həyat tərzi ilə birbaşa əlaqəlidir. Alimlərin araşdırmalarına görə, göz bəbəyinin forması heyvanın ovlanma üsuluna, müdafiə strategiyasına və ətraf mühiti necə qavramasına uyğun şəkildə təkamül edib.

Cagdas.az bildirir ki, elmi məlumatlara əsasən, üfüqi formalı göz bəbəkləri əsasən ot yeyən heyvanlarda müşahidə olunur. Bu quruluş onlara başlarını aşağı salaraq otladıqları zaman belə ətraf mühiti geniş bucaq altında izləməyə imkan verir. Nəticədə, yaxınlaşan yırtıcı və digər təhlükələr erkən mərhələdə aşkarlanır.

Bunun əksinə olaraq, şaquli kəsikli göz bəbəkləri – pişiklər, ilanlar və digər pusquda ov edən yırtıcılarda rast gəlinən xüsusiyyətdir. Bu tip bəbəklər dərinlik qavrayışını gücləndirir və ovla yırtıcı arasındakı məsafənin daha dəqiq hesablanmasına şərait yaradır.

İnsanlar, aslanlar və pələnglər kimi nisbətən hündürboylu və ovunu aktiv şəkildə təqib edən yırtıcılarda isə əsasən dairəvi göz bəbəkləri müşahidə olunur. Bu quruluş bütün istiqamətlərdən bərabər işıq qəbul etməyə imkan verərək həm gündüz, həm də gecə geniş vizual sahənin izlənməsini təmin edir.

Mütəxəssislərin fikrincə, göz bəbəklərinin bu müxtəlifliyi təkamülün nəticəsidir: bəziləri “qaçmaq üçün ətrafı skan etməyə”, digərləri “pusqu quraraq hədəfi dəqiq müəyyənləşdirməyə”, dairəvi bəbəklər isə “ətraf mühiti və ovu daha yüksək mövqedən aktiv şəkildə izləməyə” uyğunlaşıb.

 

Cagdas MEDİA
Xəqani Əzizli