Dünya bazarlarında bu həftə diqqətdə olacaq əsas mövzular.
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı nəzarətə götürmək istəyi Avropa paytaxtlarında narahatlıq yaradıb. Bununla belə, Trampın Davos İqtisadi Forumunda daha yumşaq ton seçməsi ABŞ – Avropa münasibətlərində gərginliyi qismən azaldıb. Eyni zamanda, bazarların əsas diqqəti ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarına yönəlib.
Cagdas.az xəbər verir ki, FED bu həftə ilin ilk pul siyasəti iclasını keçirəcək. İnvestorlar təkcə faiz qərarını deyil, FED sədri Cerom Pauellin verəcəyi mesajları da yaxından izləyəcəklər.
Digər tərəfdən, 8 fevralda erkən seçkilərə gedən Yaponiyada parlamentin buraxılması fonunda yenin məzənnəsi və dövlət istiqrazları diqqət mərkəzindədir.
Həftənin sonunda isə ABŞ-da Apple, Microsoft, Meta, Tesla və Samsung kimi texnologiya nəhəngləri dördüncü rüb üzrə maliyyə hesabatlarını açıqlayacaq.
1. Qrenlandiya amili
Donald Trampın Qrenlandiyanı ələ keçirmək üçün hərbi variantı istisna etməməsi son həftələr maliyyə bazarlarında ciddi dalğalanmalara səbəb olmuşdu. Lakin Avropa ölkələrinə yüksək gömrük rüsumları tətbiq etmək planından müvəqqəti geri çəkilməsi və Davosda daha diplomatik mövqe sərgiləməsi gərginliyi müəyyən qədər azaltdı.
Müdafiə sənayesi və qiymətli metallar istisna olmaqla, bazarlarda ümumi gözlənti Qrenlandiya böhranının səngiməsi istiqamətindədir. Bunun üçün tərəflər arasında çərçivə razılaşmasının detalları aydınlaşmalı və Tramp mövzunu sosial şəbəkələrdə yenidən gündəmə gətirməməlidir.
Gərginlik tam aradan qalxarsa, qlobal birjalar yenidən rekord həddə çata bilər, lakin unsiyası 5 min dollara yaxınlaşan qızılda artım tempi zəifləyə bilər.
2. FED-in faiz qərarı
FED çərşənbə axşamı və çərşənbə günləri Pul Siyasəti Komitəsinin iclasını keçirəcək. Faizlərin dəyişməz saxlanacağı gözlənilsə də, əsas diqqət Cerom Pauellin mətbuat konfransına yönələcək.
Tramp administrasiyasının Pauellə bağlı hüquqi araşdırma başlatması mərkəzi bankın müstəqilliyi ilə bağlı narahatlıqları artırıb. Pauellin bu mövzuya münasibəti bazarların istiqamətini müəyyən edə bilər.
3. “Möhtəşəm yeddili”nin hesabatları
Microsoft, Apple, Tesla və Meta bu həftə dördüncü rüb üzrə maliyyə nəticələrini açıqlayacaq. Samsung-un hesabatı da bazarlar üçün mühüm siqnallar verəcək.
Əsas sual süni intellektə yönələn nəhəng investisiyaların real gəlir gətirib-gətirməməsidir. Artıq bazar gözləntilərini cüzi aşmaq kifayət etmir – investorlar yüksək qiymətləndirməni doğruldan güclü maliyyə göstəriciləri gözləyir.
4. Yaponiyada siyasi və maliyyə sarsıntısı
Baş nazir Sanae Takaiçi fevralın 8-də erkən seçki keçirməklə mövqeyini gücləndirməyə çalışır. Dövlət xərclərinin artırılması və vergi güzəştləri vədləri yenin və dövlət istiqrazlarının kəskin ucuzlaşmasına səbəb olub.
Yaponiya Mərkəzi Bankı faiz artımına işarə etsə də, analitiklər uzunmüddətli faiz fərqləri səbəbindən yenin dayanıqlığını itirdiyindən ehtiyatlanırlar.
5. Digər mərkəzi bankların qərarları
Bu həftə bir sıra ölkələrdə də pul siyasəti iclasları keçiriləcək. Braziliya, Çili və Macarıstanda faizlərin dəyişməz qalacağı gözlənilir. Kolumbiyada isə 25–50 baza bəndi həcmində faiz endirimi ehtimalı gündəmdədir.


