Nikahdankənar doğulan uşaqlarla bağlı cəmiyyətdə elə bir fikir formalaşmamalıdır ki, onların nikah daxilində doğulan uşaqlardan hansısa fərqi var. Mütəxəssislər bildirir ki, bu yanaşma doğru deyil və belə uşaqların hüquqi və sosial baxımdan digər uşaqlardan heç bir fərqi yoxdur.
Cagdas.az-ın xəbərinə görə, Referans Media-ya açıqlamasında hüquqşünas Ramil Süleymanov qeyd edib ki, nikahdankənar doğulan uşaqlarla bağlı hüquqi prosedur iki mərhələdən ibarətdir. Onun sözlərinə görə, ilk növbədə şəxsin atalığının tanınması ilə bağlı müvafiq sənəd olmalıdır. Bundan sonra uşağa dair sənədlərin, o cümlədən doğum haqqında şəhadətnamənin alınması mümkündür.
Hüquqşünas bildirib ki, əgər atalığın tanınması ilə bağlı tərəflər arasında mübahisə yaranarsa, maraqlı tərəf məhkəməyə ərizə ilə müraciət edir. Bu zaman atalığın müəyyən olunması üçün məhkəmə tərəfindən bioloji ekspertiza təyin olunur. Ekspertiza nəticəsində müəyyən edilsə ki, cavabdeh şəxs uşağın atasıdır, həmin şəxs ekspertiza xərclərini ödəyir və eyni zamanda gələcəkdə aliment vermək öhdəliyi daşıyır.
Ramil Süleymanovun sözlərinə görə, əgər atalığın müəyyən edilməsi ilə bağlı hüquqi əsas yoxdursa, bu halda aliment ödənişindən də söhbət gedə bilməz. O əlavə edib ki, nikahdankənar doğulan uşaqlar ölkənin demoqrafik vəziyyətinə prinsipial təsir göstərmir, çünki onların hüquq və vəzifələri rəsmi nikahda doğulan uşaqlarla eynidir.
Hüquqşünas vurğulayıb ki, valideyn vəfat etdikdə nikahdankənar doğulan uşaq da digər övladlar kimi vərəsəlik prosesində iştirak edir. Bu baxımdan hüquqi müstəvidə heç bir fərq mövcud deyil.
Onun fikrincə, əvvəlki illərdə Azərbaycan cəmiyyətində nikahdankənar doğulan uşaqların yaşıdları arasında təklənməsi, ailə münasibətləri ilə bağlı mənfi fikirlərin formalaşdırılması halları müşahidə olunurdu. Lakin hazırkı vəziyyət göstərir ki, cəmiyyət bu məsələlərə daha anlayışla yanaşır.
Ramil Süleymanov qeyd edib ki, bu gün boşanmalara daha normal münasibət olduğu kimi, nikahdankənar doğulan uşaqlara da daha sıradan və sağlam baxış formalaşmağa başlayıb. “Uşağın bu məsələdə heç bir günahı yoxdur və ona münasibət də məhz bu prinsip üzərində qurulmalıdır”, – deyə o bildirib.
Gülnaz Abdullazadə
















