“Qarabağ” rəhbərliyinin klub heyətinində itkilərə yol verməmək üçün hərəkətə keçdiyi bildirilir.
Cagdas.az-ın məlumatına görə, “atlılar”dan gedəcək futbolçular siyahısında adı keçən Elvin Cəfərquliyevin artıq komandada qalacağı söylənilir.
İdmanxeber.az saytı yazır ki, klub rəhbərliyi ona illik 400 min dollar (680 min manat) əməkhaqqı ilə sözləşmə təklif edib. 25 yaşlı futbolçu da bu təklifdən sonra başqa komandalara keçmək haqqında düşüncəsindən vaz keçib. “Atlılar”ın yeni transferindən sonra da Elvinin klubdan ayrılacağı ehtimalları qüvvətlənmişdi. Xüsusən onun cinahına gələn əcnəbinin Cəfərquliyevi əvəz edəcəyi düşünülürdü.
Bəhlul Mustafazadəyə gəldikdə isə dünən onun atası futbolinfo.az-a açıqlamasında deyib ki, “Qarabağ”ın qarşıda iki vacib oyunu və sıx qrafiki var. Bu şəraitdə, çətin vəziyyətdə oğlu “Qarabağ”ı tərk etmək istəməyib. Qarşı tərəf isə “indi gəlsin” deyib. Nəticədə Bəhlul “atlılar”ın heyətində qalmağı seçib.
Nəriman Axundzadə barədə son xəbərlər isə bundan ibarətdir ki, onun yaxın günlərdə Amerikaya gedəcəyi gözlənilir. Sportinfo futbolçunun müqavilə sənədləri ilə bağlı tamamlanmamış işlərinin qaldığını, tamamlandıqdan sonra isə “Qarabağ”ı tərk edəcəyini qeyd edir.
Beləliklə, böyük ehtimalla Elvin Cəfərquliyev və Bəhlul Mustafazadə Ağdam təmsilçisinin düşərgəsində qalacaq. Son yayılan xəbərlərə inansaq, klubdan gedəcək oyunçu Nəriman Axundzadə olacaq.














