Fələstin əsilli avstraliyalı Issam Hijazi tərəfindən TikTok-a alternativ olaraq hazırlanmış UpScrolled tətbiqi Google Play Store tərəfindən müvəqqəti olaraq dayandırılıb.
Cagdas.Az xəbər verir ki, UpScrolled-dan verilən açıqlamada son dövrlər qlobal miqyasda sürətlə böyüyən tətbiqin bu gündən etibarən Google Play Store-dan çıxarıldığı bildirilib.
Açıqlamada qeyd olunub:
“Gözlənilməz dərəcədə sürətli artım yaşadıq. Bu prosesdə icma qaydalarını pozan məzmunların idarə edilməsində çətinliklər yarandı. İfadə azadlığını müdafiə edən platforma olsaq da, qanunvericiliyə zidd məzmunların silinməsi öhdəliyimizin fərqindəyik.”
Dayandırılma qərarından sonra tətbiqin moderasiya komandasının genişləndirildiyi, daha təkmil məzmun nəzarəti sistemi üzərində iş aparıldığı bildirilib.
UpScrolled rəhbərliyi Google Play Store komandası ilə tam əməkdaşlıq etdiklərini, hüquqi çərçivələrə uyğunlaşaraq platformanın qısa müddətdə yenidən istifadəyə veriləcəyini gözlədiklərini açıqlayıb.
Qərarın TikTok-a qarşı irəli sürülən “senzura” iddialarından sonra verilməsi diqqət çəkib. Belə ki, Hijazi tərəfindən yaradılan və TikTok-a alternativ kimi sürətlə populyarlaşan UpScrolled cəmi bir həftə ərzində istifadəçi sayını 150 mindən milyonlara çatdıraraq rəqəmsal mühitdə geniş maraq doğurmuşdu.
Bildirilir ki, UpScrolled-ın bu qədər sürətli yüksəlişinin əsas səbəbi əsas platformalara qarşı artan narazılıqlardır. Xüsusilə TikTok istifadəçiləri platformanın Fələstin tərəfdarı və İsrail əleyhinə məzmunların baxış sayını qəsdən azaltdığını (shadow ban) iddia ediblər.
Bundan əlavə, TikTok-un ABŞ-dakı əməliyyatlarını satın alan Oracle şirkətinin İsrailə yaxın mövqeyi bu iddiaları gücləndirən amillərdən biri kimi göstərilir.
Qeyd edək ki, TikTok daha əvvəl ABŞ-ın Minnesota ştatında keçirilən aksiyalar zamanı ABŞ Prezidenti Donald Trump-ı tənqid edən paylaşımları məhdudlaşdırmaqda da ittiham olunmuşdu.
















