Son dəqiqə

ChatGPT-yə qarşı şok iddia: Azyaşlı istifadəçilər risk altındadır?

MEDİA

ABŞ-də bir ştat rəhbərliyi süni intellekt əsaslı məşhur çatbot olan OpenAI şirkətini və onun hazırladığı ChatGPT xidmətini məhkəməyə verib. İddiada platformanın xüsusilə azyaşlı istifadəçilər üçün təhlükə yaratdığı irəli sürülür.

Çağdaş.Az xəbər verir ki, məhkəmə sənədlərində şirkət aldadıcı və ədalətsiz ticarət praktikaları, səhlənkarlıq və məhsul məsuliyyəti ilə bağlı qanunları pozmaqda ittiham olunur. İddiaçılar həmçinin şirkətin baş direktoru Sam Altmanın süni intellekt texnologiyalarının insan həyatı üçün yarada biləcəyi riskləri kifayət qədər nəzərə almadığını iddia edirlər.

Məhkəmə ərizəsində ChatGPT ilə bağlı bir sıra ciddi iddialar irəli sürülüb. Sənəddə platformanın:

Kütləvi zorakılıq və ya cinayət xarakterli hərəkətlərlə bağlı məlumatlar təqdim edə bilməsi;
Özünə zərər vermə və ya intihar mövzularında riskli məzmun yaratması;
İnsanların ictimai nüfuzuna zərər vura biləcək yanlış məlumatlar istehsal etməsi;
Azyaşlıların valideyn nəzarəti olmadan platformadan həddindən artıq istifadə etməsinə şərait yaratması;
İstifadəçilərin tənqidi düşünmə bacarıqlarına mənfi təsir göstərə bilməsi kimi ittihamlar yer alıb.

Florida ştatının baş prokuroru Ceyms Utmayer məsələ ilə bağlı bildirib:
“Sam Altman və ChatGPT uşaqlarımızın təhlükəsizliyi əvəzinə süni intellekt yarışını seçib. Onlar ictimai təhlükəsizlikdən daha çox mənfəəti üstün tutublar və biz Floridada buna imkan verməyəcəyik.”

Bundan əvvəl Pensilvaniya ştatında da “Character.AI” platformasını hazırlayan şirkətə qarşı məhkəmə iddiası qaldırılmışdı. İddiada çatbotun özünü həkim kimi təqdim etdiyi və istifadəçilərdə lisenziyalı tibbi mütəxəssisdən məsləhət aldıqları təəssüratı yaratdığı iddia olunurdu.

Qeyd edək ki, məhkəmə iddialarında səsləndirilən ittihamlar tərəflərin mövqeyini əks etdirir və onların doğruluğu yalnız məhkəmə qərarı ilə müəyyən edilə bilər.