İran İslam İnqilabı Keşikçiləri Korpusu “Gərçək Vəd 4” əməliyyatı çərçivəsində İsrailin cənubunda yerləşən Arad, Dimona, Eilat, Beerşeba və Kiryat Gat şəhərlərinin raket və kamikadze pilotsuz uçuş aparatları ilə hədəfə alındığını açıqlayıb.
Çağdaş.Az xəbər verir ki, Qurumun yaydığı məlumatda bildirilir ki, hücumun ilk saatlarında 200-dən çox ölən və yaralanan var. Açıqlamada həmçinin qeyd olunur ki, İsrailin təhlükəsizlik strukturları dağıntı və itkilərlə bağlı məlumatların yayılmasının qarşısını almaq üçün jurnalistlərə və şahidlərə təzyiqi artırıb.
Əməliyyatın növbəti mərhələsi
Korpusun İctimaiyyətlə Əlaqələr bölməsi “Gərçək Vəd 4” əməliyyatının 73-cü dalğası ilə bağlı yeni bəyanat yayıb. Bildirilib ki, İsrailin həm şimalı, həm də cənubu, eləcə də ABŞ-ın bölgədəki bəzi hərbi bazaları Korpusun Hava-Kosmik Qüvvələrinə məxsus raketlər və kamikadze PUA-larla vurulub.
“Hərbi obyektlər dəqiqliklə məhv edilib”
Açıqlamada qeyd olunur ki, adı çəkilən şəhərlərdə yerləşən hərbi obyektlər və təhlükəsizlik mərkəzləri İsrailin hava hücumundan müdafiə sistemlərinin zəifləməsindən sonra dəqiqliklə vurulub. Həmçinin bölgədə yerləşən ABŞ-a məxsus Ali əl-Salem hava bazası, əl-Minhad hava bazası və Əl-Dhafra hava bazası da müxtəlif tipli raketlər və PUA-larla hədəfə alınıb.
Regionda gərginlik artır
Məlumata görə, İsrail və ABŞ fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq İran da İsraillə yanaşı, ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrdə müəyyən hədəflərə zərbələr endirib.
İran tərəfinin məlumatına görə, bu hücumlar nəticəsində ölənlərin sayı 1348-i, yaralananların sayı isə 17 mini ötüb.










