Yaponiya sonsuz enerji istehsalı üçün Ayın ətrafında günəş halqası qurmağı planlaşdırır. Yapon şirkəti fasiləsiz enerji toplamaq məqsədilə Ayı əhatə edəcək nəhəng enerji sistemi təklif edib.
Çağdaş.Az xəbər verir ki, Yaponiyanın “Shimizu Corporation” şirkəti təxminən on il əvvəl bir çoxlarına qeyri-real görünən ideya irəli sürüb: Ayın ekvatoru boyunca nəhəng günəş panelləri kəməri qurmaq.
“Luna Ring” adlanan bu layihə 10 944 km uzunluğunda olacaq və hava şəraitindən, həmçinin gecə-gündüz dövründən asılı olmayaraq fasiləsiz günəş enerjisi istehsalına imkan verəcək.
Layihə ilk təqdim olunduqda geniş maraq doğurmasa da, Fukuşima Daiçi nüvə qəzasından sonra Yaponiya alternativ enerji mənbələrinə daha çox yönəlməyə başlayıb.
Şirkətin məlumatına görə, Yer üzündəki günəş panelləri kosmosdakı analoji sistemlə müqayisədə təxminən 20 dəfə az enerji istehsal edir. Ayın ekvatorunda isə atmosfer, buludlar və gecə olmadığı üçün günəş işığından fasiləsiz istifadə mümkündür.
Şirkətin prezidenti Tetsuji Yoşida bildirib ki, bu enerji tam şəkildə Yerə ötürülə bilsə, kömür, neft və biomassa kimi yanacaqlara ehtiyac qalmaya bilər.
Layihə günəş enerjisinin Yer üzündəki əsas problemlərindən biri olan fasiləlilik məsələsini həll edə bilər. Çünki Yer üzündə günəş stansiyaları gecə işləmir və ya buludlu havalarda effektivlik azalır, Ayda isə bu problem yoxdur.
Konsepsiyaya görə, Ayın ekvatorunda yerləşdirilən panellərlə günəş enerjisi toplanacaq, elektrik enerjisinə çevriləcək və Ayın Yerə baxan tərəfinə ötürüləcək. Daha sonra bu enerji lazer şüaları vasitəsilə Yerə göndəriləcək və burada yenidən elektrik enerjisinə çevriləcək.
“Shimizu Corporation” qeyd edir ki, bu sistem eyni zamanda fosil yanacaqlardan asılılığı azaltmaq üçün hidrogen istehsalına da imkan verə bilər.
Layihənin tikintisi əsasən Yer kürəsindən 24 saat idarə olunan robotlar və müəyyən hallarda kiçik astronavt heyətinin iştirakı ilə həyata keçiriləcək.
Lakin ən böyük maneə yüksək maliyyət olaraq qalır. Yaponiya Enerji İqtisadiyyatı İnstitutunun iqtisadçısı Masanori Komori layihənin nəzəri baxımdan cəlbedici olsa da, olduqca baha başa gəldiyini bildirib.


