Yaxın Şərqdə artan gərginlik fonunda Türkiyə, Misir, Pakistan və Oman diplomatik fəallığı artıraraq ABŞ ilə İran arasında mümkün qarşıdurmanın qarşısını almağa çağırıb. Tərəflər mövcud böhranın həlli üçün diplomatiya və dialoqun yeganə çıxış yolu olduğunu vurğulayıb.
Çağdaş.Az xəbər verir ki, Misirin xarici işlər naziri Bədr Abdelati bölgədəki gərginlik və ABŞ-İran danışıqları ilə bağlı intensiv telefon diplomatiyası aparıb. Misir Xarici İşlər Nazirliyinin açıqlamasına görə, o, ayrı-ayrılıqda Oman, Türkiyə və Pakistanın xarici işlər nazirləri ilə danışıb.
Nazir Abdelati Oman xarici işlər naziri Bədr əl‑Busaidi, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Pakistanın xarici işlər naziri İshaq Dar ilə telefon əlaqəsi saxlayaraq regional vəziyyəti müzakirə edib.
Telefon danışıqları zamanı bölgədəki son hadisələr və artan gərginliyin azaldılması üçün görülə biləcək addımlar müzakirə edilib. Eyni zamanda ABŞ və İran arasında davam edən danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.
Nazirlər diplomatik təşəbbüslərin uğurlu nəticə verməsi üçün regional koordinasiyanın vacibliyini vurğulayıblar.
Misir XİN rəhbəri Abdelati bildirib ki, danışıqlar gərginliyin azaldılması və mümkün hərbi qarşıdurmanın qarşısının alınması baxımından kritik əhəmiyyət daşıyır. Görüşdə iştirak edən bütün tərəflər mübahisələrin həlli üçün dialoq və diplomatiyanın yeganə real yol olduğunu qeyd ediblər.
Qeyd edək ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı həyata keçirdiyi hücumlardan sonra bölgədə vəziyyət daha da gərginləşib. 8 apreldə tərəflər arasında müvəqqəti atəşkəs əldə olunsa da, 11 apreldə Pakistanda keçirilən və 21 saat davam edən danışıqlar konkret nəticə verməyib.
Pakistan mənbələrinin məlumatına görə, 19 apreldə ABŞ və İran arasında planlaşdırılan ikinci mərhələ danışıqları üçün Vaşinqtondan gələn ilkin nümayəndə heyətini daşıyan iki təyyarə İslamabada enib.
Bununla belə, İran mediası ABŞ-ın Hörmüz boğazı ətrafında dəniz blokadasını davam etdirəcəyi təqdirdə Tehranın yeni danışıqlara qatılmaya biləcəyini yazır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi isə ikinci mərhələ danışıqları ilə bağlı hələ dəqiq planın olmadığını bildirib./Referans Media/
















