ABŞ 44 yaşlı iranlı iş qadını Şamim Mafini İranın xeyrinə silah qaçaqmalçılığında ittiham edir.
Cagdas.az Sun” qəzetinə istinadən xəbər verir ki, o, Los-Anceles Beynəlxalq Hava Limanında həbs edilib.
Şamim Mafi İran istehsalı pilotsuz uçuş aparatlarının, bombaların, detonatorların və milyonlarla güllənin Sudana satışına vasitəçilik etməkdə ittiham olunur.
İddialara əsasən, o, lüks həyat tərzi sürür və sosial mediada müxtəlif ölkələrdə çəkilmiş fotolarını paylaşırdı. Bu fotolardan birində təxminən 100 min dollar dəyərində Mercedes-Benz avtomobilində görüntülənib.
Günahı sübuta yetirilərsə, onu 20 ilədək həbs cəzası gözləyir.İran əsilli iş qadını 2013-cü ildə ölkəni tərk edib, 2016-cı ildə isə ABŞ-də daimi yaşayış icazəsi alıb.
Məhkəmə sənədlərinə görə, o, 2025-ci ilə qədər Omanda qeydiyyatdan keçmiş “Atlas International Business” şirkəti vasitəsilə silah müqavilələrinə vasitəçilik edib.
İddialar arasında İran Müdafiə Nazirliyi tərəfindən istehsal edilən və dəyəri 70 milyon dollardan çox olan Mohajer-6 PUA tipli silahlı pilotsuz aparatların satışı da var.
Bu dronların və 55 min bomba detonatorunun üç ildir vətəndaş müharibəsi davam edən Sudanın Müdafiə Nazirliyinə göndərildiyi bildirilir.
Telefon qeydlərinə görə, Mafi 2022-ci ilin dekabrından 2025-ci ilin iyununa qədər Tehranın kəşfiyyat strukturları ilə birbaşa əlaqədə olub.
Eyni zamanda, o, müstəntiqlərə verdiyi ifadədə İran rejimi adından ABŞ-də fəaliyyət göstərmədiyini deyib.
Araşdırma zamanı məlum olub ki, Tehranda atasından qalan əmlakına əl qoyulub və həmin əmlakı geri almaq üçün onu bu tip razılaşmalara məcbur ediblər.
Prokurorlar İranın bu əməliyyat üçün maliyyə təminatı təklif etdiyini iddia edir.
Şamim Mafi bildirib ki, o, ABŞ-də deyil, Tehranda fəaliyyət göstərən şəxslər üçün daha “faydalı” olub.
İstanbul reysi ilə uçmağa hazırlaşan qadın saxlanılıb.
Sudanda davam edən vətəndaş müharibəsi fonunda İran dəfələrlə BMT-nin silah embarqosunu pozmaqda ittiham olunub.
Məqalədə o da yazılıb ki, Sudana göndərilən silahlar Sudan Silahlı Qüvvələrinin 2024-cü ildə paytaxt Xartumu ələ keçirməsində mühüm rol oynayıb./yenisabah
















