Bu yaxınlarda Ermənistanda parlament seçkiləri keçiriləcək. Ermənistanın gələcək mərhələyə keçməsi bu seçkilərin nəticələrindən asılıdır.
Çağdaş.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Orada gərgin mübarizə gedir və müxtəlif qruplar müxtəlif alətlərdən istifadə edirlər. Təəssüf ki, Ermənistanda, siyasi dairələrdə hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var və onlar məhz bu istiqaməti seçkiqabağı kampaniya zamanı da bunu büruzə verir, açıq şəkildə ittihamlar yağdırırlar. Təbii ki, biz başa düşürük ki, bunun Ermənistan üçün heç bir müsbət nəticəsi ola bilməz. Güman edirik ki, Ermənistan seçicisi də bunları düzgün qiymətləndirib öz seçimlərini edəcək.
Azərbaycan dövləti hər zaman prosesləri diqqətlə izləyir. Biz bu və ya digər qrupların çıxışlarına nəzər yetirərək, siyasətimizi ilk növbədə Azərbaycanın milli mənafeləri, Azərbaycanın güclü, qüdrətli olması, regionun lider dövləti olaraq hər zaman irəliləməsi üzərində qururuq. Əminəm ki, belə də olacaq”, – XİN başçısı qeyd edib.
















