İranda yüksək vəzifəli rəsmidən səslənən son açıqlama beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Ölkəyə qarşı yeni hücum olacağı təqdirdə uranın zənginləşdirilməsi səviyyəsinin 90 faizə çatdırıla biləcəyi bildirilib.
Cagdas.az xəbər verir ki, bu barədə İbrahim Rızai açıqlama verib. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü olan Rızai bildirib ki, mümkün yeni hücum halında bu məsələ parlamentdə müzakirəyə çıxarıla bilər.
Ekspertlərin fikrincə, uranın 90 faiz zənginləşdirilməsi “silah səviyyəsi” hesab olunur və nüvə silahı istehsalına çox yaxın mərhələ kimi qiymətləndirilir.
Hazırda İranın 60 faizədək zənginləşdirilmiş uran istehsal etdiyi bildirilir. Beynəlxalq Atom Enerjisi Agentliyi isə son hesabatlarında bu ehtiyatların artmasının “ciddi narahatlıq” doğurduğunu vurğulayıb.
Məlumata görə, ABŞ və İsrail son aylarda İranın nüvə proqramı ilə bağlı təzyiqləri artırıb. Tehran isə uranın zənginləşdirilməsindən imtina etməyəcəyini və bunu “qırmızı xətt” hesab etdiyini açıqlayıb.
Xarici mediada yayılan təhlillərdə xüsusilə Hörmüz Boğazı ətrafında artan hərbi aktivliyin bölgədə gərginliyi daha da yüksəltdiyi qeyd olunur.(referans media)
















