Müasir fizikanın ən mühüm nəzəriyyələrindən biri hesab olunan nisbilik nəzəriyyəsi kainata dair ənənəvi təsəvvürləri yenidən müzakirəyə çıxarıb.
Cagdas.az xəbər verir ki, alimlərin irəli sürdüyü “blok kainat” modeli zamanı insanların düşündüyü kimi axan proses deyil, kainatın dəyişməz ölçülərindən biri kimi təqdim edir.
Bu nəzəri yanaşmaya görə məkan və zaman bir-birindən ayrı anlayışlar deyil. Onlar birlikdə dördölçülü vahid struktur formalaşdırır və kainatda baş vermiş, hazırda baş verən, eləcə də gələcəkdə baş verəcək bütün hadisələr eyni anda mövcud olur. Yəni keçmiş yoxa çıxmır, gələcək isə hələ yaranmamış bir məkan deyil.
Fiziklərin fikrincə, insanların “zaman axır” hissi əslində beynin məlumatları ardıcıl şəkildə emal etməsindən qaynaqlanan bioloji qavrayışdır. İnsan şüuru kainatın bu böyük koordinat sistemində müəyyən istiqamətdə hərəkət etdiyi üçün zaman davamlı və dəyişən proses kimi görünür.
“Blok kainat” modelində zamanın fiziki şəkildə irəliləmədiyi, sadəcə kainatın bir ölçüsü olduğu qeyd edilir. Bu isə o deməkdir ki, 1920-ci ildə baş verən hadisə ilə gələcəkdə, məsələn, 2150-ci ildə baş verəcək hadisə kainatın strukturunda eyni anda mövcud sayılır.
Mövzu elm dünyasında geniş müzakirələrə səbəb olub. Xüsusilə azad iradə, taleyin mövcudluğu və insan şüurunun mahiyyəti ilə bağlı fəlsəfi suallar yenidən gündəmə gəlib. Bəzi alimlər bu modeli kainatın ən məntiqli təsviri hesab etsələr də, digərləri zamanın həqiqətən “donmuş” olması fikrinə ehtiyatla yanaşırlar.
Araşdırmalar davam etsə də, “blok kainat” nəzəriyyəsi artıq zaman anlayışına dair ən mübahisəli və diqqətçəkən elmi yanaşmalardan biri hesab olunur.(sfera.az)
















