Təbiətdə qısamüddətli gəzintinin insan sağlamlığına ciddi müsbət təsir göstərdiyi məlumdur.
Cagdas.az xəbər verir ki, aparılan araşdırmalara görə, ağacların havaya ifraz etdiyi “fitonsid” adlı maddələr həm stress səviyyəsini azaldır, həm də immunitet sistemini gücləndirir.
Alimlərin fikrincə, meşə və ya yaşıllıq ərazilərdə vaxt keçirmək orqanizmdə stress hormonu hesab edilən kortizolun səviyyəsini aşağı salır. Bu isə insanın daha sakit və rahat hiss etməsinə səbəb olur.
Araşdırmalar göstərir ki, fitonsidlər immunitet sistemində mühüm rol oynayan və infeksiyalarla mübarizə aparan NK (Natural Killer) hüceyrələrinin fəaliyyətini artırır. Nəticədə orqanizmin xəstəliklərə qarşı müqaviməti güclənir.
Mütəxəssislər bildirirlər ki, xüsusilə uzun müddət qapalı mühitdə və ekran qarşısında çalışan insanlar üçün təbiətdə gəzinti həm fiziki, həm də psixoloji baxımdan faydalıdır. Onların sözlərinə görə, gündəlik həyatın gərginliyindən uzaqlaşmaq üçün park və meşəlik ərazilərdə qısa yürüşlər etmək sağlamlıq üçün effektiv üsullardan biri hesab olunur.
Qeyd edək ki, son illərdə “meşə terapiyası” kimi tanınan təbii terapiya üsulları dünyanın bir çox ölkəsində geniş maraq görməyə başlayıb.(sfera.az)















