2026-cı ilin birinci rübündə Azərbaycanın xarici ölkələrin iqtisadiyyatına yatırdığı birbaşa investisiyaların həcmi 1 milyard 109,9 milyon ABŞ dolları olub.
Cagdas.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin I rübünün tədiyə balansına dair keçirilən brifinqdə məlumat verib.

Fotoda: AMB-nin departament direktoru Samir Nəsirov
Onun sözlərinə görə, hesabat dövründə xaricə yönəldilən birbaşa investisiyaların əsas hissəsi Türkiyə, Böyük Britaniya, Gürcüstan, Özbəkistan və ABŞ-yə yatırılıb.
Samir Nəsirov bildirib ki, Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyi birbaşa investisiyaların 453,7 milyon dolları (40,9 faiz) Türkiyənin payına düşüb. Böyük Britaniyaya 234,5 milyon dollar (21,1 faiz), Gürcüstana 83,8 milyon dollar (7,6 faiz), Özbəkistana 74,9 milyon dollar (6,7 faiz), ABŞ-a isə 66,9 milyon dollar (6 faiz) investisiya yönəldilib. Beləliklə, bu beş ölkənin payı Azərbaycanın xaricə yatırdığı birbaşa investisiyaların təxminən 82 faizini təşkil edib.
Departament direktoru əlavə edib ki, investisiya qoyuluşlarında Birləşmiş Ərəb Əmirlikləri 62,8 milyon dollar, Oman 30,6 milyon dollar, Rumıniya 14,9 milyon dollar və İsveçrə 14 milyon dollarla növbəti yerlərdə qərarlaşıb.(metbuat.az)
















