Bakının Binəqədi rayonunda yerləşən “İdrak” liseyində keçirilən olduqca dəbdəbəli məzun gecəsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Tədbirdən yayılan lüks və təmtəraqlı görüntülər izləyicilərə bir müddət öncə eyni təhsil ocağında yaşanan qanlı hadisəni xatırladıb.
Cinayət işinin kölgəsində keçən şənlik
Xatırladaq ki, cari ilin fevral ayında sözügedən liseydə dəhşətli hadisə qeydə alınmışdı. Məktəbin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus odlu silahı çantasında gizlədərək təhsil müəssisəsinə gətirmiş və sinif otağında riyaziyyat müəllimi Şəhla Kamilovanı boyun nahiyəsindən güllələmişdi. Ağır yaralanan müəllimin həyatını xilas etmək mümkün olsa da, hadisə ölkədə geniş rezonans doğurmuş və məktəblərdə təhlükəsizlik məsələsini yenidən gündəmə gətirmişdi.
Yalnız bir neçə həftə öncə həmin şagird barəsindəki ibtidai istintaq başa çatıb və onun ittihamı ağırlaşdırılaraq “xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd” maddəsinə tövsif edilib.
Cagdas.az xəbər verir ki, məhkəmə prosesinin hələ yeni başladığı və cəmiyyətin bu travmanı tam unutmadığı bir vaxtda, lisey rəhbərliyinin və valideynlərin bu cür nümayişkaranə, dəbdəbəli məzun gecəsi təşkil etməsi sosial şəbəkələrdə tənqid atəşinə tutulub. İstifadəçilər illik təhsil haqqı 10 000 – 16 500 manat arasında dəyişən bu bahalı müəssisədə baş verən silahlı insidentdən belə qısa müddət sonra heç bir şey olmamış kimi şənlik edilməsini mənəvi baxımdan qəbulolunmaz hesab ediblər.
Paylaşılan rəylərdə təhsil ocağının hadisədən düzgün nəticə çıxarmaq əvəzinə, lüks görüntülərlə imicini bərpa etməyə çalışdığı iddia olunur.(milli.az)

















