Rusiya XİN başçısının müavini Mixail Qaluzin Ermənistanla bağlı maraqlı açıqlamalar verib.
Çağdaş.Az xəbər verir ki, Qaluzin bildirib ki, Ermənistan tərəfindən Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının fəaliyyətinin dayandırılması ilə bağlı rəsmi səviyyədə heç bir siqnal verilməyib. Onun sözlərinə görə, İrəvan bu məsələnin gündəmdə olmadığını bəyan edir.
Qaluzin RTVI-yə müsahibəsində həmçinin bildirib ki, Ermənistan və regiondakı nəqliyyat marşrutları ilə bağlı qərarlar qəbul edilərkən Rusiyanın mövqeyi mütləq nəzərə alınmalıdır. O vurğulayıb ki, dəmir yolu Rusiyanın rels standartına uyğun olmalıdır. Diplomat xatırladıb ki, Ermənistan dəmir yollarını “Cənubi Qafqaz Dəmir Yolu” QSC idarə edir və bu şirkət “Rusiya Dəmir Yolları”nın törəmə müəssisəsidir.
Onun sözlərinə görə, Ermənistan ərazisindən tranzit Avrasiya İqtisadi İttifaqının norma və qaydalarına uyğun həyata keçirilməlidir. Qaluzin əlavə edib ki, “Tramp marşrutu” adlandırılan layihə Rusiya sərhədçilərinin mühafizə etdiyi ərazidən keçəcək. Buna görə də həm Rusiyanın, həm də Avrasiya İqtisadi İttifaqının mövqeyi nəzərə alınmalıdır. O hesab edir ki, Rusiyanın iştirakı layihəyə yalnız fayda verə bilər.
Qaluzin həmçinin bildirib ki, Moskva Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim məsələsini referenduma çıxarmağa tələsməməsini başa düşmür. Onun sözlərinə görə, Aİİ ölkələrinin prezidentləri belə bir referendumun yaxın vaxtlarda keçirilməsinin vacibliyini vurğulayıblar. Diplomat hesab edir ki, Ermənistan qanunvericiliyinə əsasən, ölkənin fövqəlmilli inteqrasiya qurumlarına qoşulması üçün referendum keçirilməsi zəruridir./Musavat.com/
















