Balıqçılıq təsərrüfatlarında yoxlamaların dayandırılması ilə bağlı istisnalar artırılır
Cagdas.az xəbər verir ki, məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.
Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna edilən dəyişikliklə yoxlamaların dayandırılması ilə bağlı istisnaların siyahısı genişləndirilir. Dəyişikliyə əsasən, qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətlə yanaşı, balıqçılıq sahəsində nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar da qanunun tətbiq dairəsinə daxil ediləcək.
Digər dəyişiklik “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna təklif olunur. Layihəyə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı yenilənir.
Belə ki, layihələndirilməsi nəzərdə tutulan heyvandarlıq müəssisələri üzrə hədd müəyyən edilir. Təsərrüfatda mövcud bütün heyvanlar nəzərə alınmaqla layihə üzrə heyvan saxlama tutumu 1000 baş iribuynuzlu heyvan ekvivalentinə bərabər və ya ondan çox olduqda ətraf mühitə təsirin qiymətləndirilməsi tələb ediləcək.
Eyni zamanda, quşçuluq müəssisələri üçün də yeni meyar müəyyənləşdirilir. Layihə üzrə quş saxlama tutumu 40 min baş toyuq ekvivalentinə bərabər və ya ondan çox olduqda bu fəaliyyət ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb ediləcək.
Dəyişikliklə balıqçılıq, o cümlədən akvakultura təsərrüfatları da ilk dəfə siyahıya daxil edilir. İllik əldə olunan balıq və digər su bioresurslarının ümumi çəkisi 500 ton və ya daha çox olduqda layihələrə ətraf mühitə təsirin qiymətləndirilməsi tətbiq olunacaq.
Bundan başqa, aqroparklar üçün də yeni tələb müəyyən edilir. Aqroparklarda heyvandarlıq, quşçuluq və ya balıqçılıq fəaliyyətlərindən hər hansı biri üzrə müəyyən edilən hədlərə bərabər və ya ondan çox göstərici olduqda ətraf mühitə təsirin qiymətləndirilməsi aparılacaq.
Təklif olunan dəyişikliklərə əsasən, qanunun qüvvədə olan redaksiyasında ayrıca göstərilən irimiqyaslı kənd təsərrüfatı (aqroparklar) və balıqçılıq təsərrüfatı layihələri ilə bağlı müddəanın ləğvi də nəzərdə tutulur. Bu fəaliyyətlər yeni təsnifat çərçivəsində tənzimlənəcək.
















