Avropa İttifaqı Cənubi Qafqazda təhlükəsizlik sahəsində iştirakını genişləndirir. Brüssel bu dəfə Ermənistanın sərhədində müşahidə aparan missiyadan fərqli olaraq, ölkənin dövlət qurumları ilə işləyəcək yeni Avropa İttifaqının Tərəfdaşlıq Missiyasını (EUPM Armenia-red) yaradıb.
Missiyanın əsas məqsədi Ermənistanın dezinformasiya, kiberhücumlar, xarici müdaxilə və digər hibrid təhlükələrə qarşı dayanıqlığını artırmaqdır. Bunun üçün Aİ ekspertləri müxtəlif dövlət qurumlarına strateji və əməliyyat xarakterli məsləhətlər verəcək, təhlükəsizlik sahəsində institusional potensialın gücləndirilməsinə dəstək göstərəcəklər.
İlk baxışdan texniki xarakter daşıyan bu qərar əslində regionun təhlükəsizlik arxitekturasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bəs yeni missiya əvvəlkindən nə ilə fərqlənir? Onun səlahiyyətləri nələrdir? Missiya Azərbaycan-Ermənistan sülh prosesinə təsir göstərə bilərmi? Azərbaycanın maraqları baxımından hansı risk və imkanlar yaranır?
Yeni missiya nə ilə məşğul olacaq?
Avropa İttifaqı Şurasının qərarına əsasən, yeni missiya Ermənistanın demokratik dayanıqlığını və böhranların idarə olunması imkanlarını gücləndirməyə xidmət edəcək.
Missiya Ermənistanın xarici informasiya manipulyasiyası və müdaxiləsi, dezinformasiya, kiberhücumlar, qanunsuz maliyyə axınları və digər hibrid təhlükələrə qarşı mübarizəsinə dəstək verəcək. Bunun üçün müxtəlif nazirliklərə və dövlət qurumlarına strateji məsləhətlər təqdim olunacaq, onların peşəkar hazırlığı artırılacaq, dövlət strukturları arasında vahid koordinasiya mexanizminin qurulmasına kömək göstəriləcək.
Bundan əlavə, missiyanın tərkibində konkret layihələrin hazırlanması və icrası ilə məşğul olacaq ayrıca layihə qrupu fəaliyyət göstərəcək.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Ermənistan hazırda genişmiqyaslı dezinformasiya kampaniyaları və kiberhücumlarla üzləşir. Onun sözlərinə görə, yeni missiya məhz bu təhlükələrə qarşı dövlət institutlarının dayanıqlığını artırmağa xidmət edəcək.

Əvvəlki missiyadan əsas fərq nədir?
Oxucular üçün ən vacib suallardan biri də budur.
2023-cü ildən Ermənistanda fəaliyyət göstərən Aİ missiyasının əsas işi Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müşahidə etmək, hadisələri izləmək və hesabat hazırlamaq idi. Başqa sözlə, həmin missiya müşahidəçi funksiyasını yerinə yetirirdi.
Yeni yaradılan missiya isə sərhəddə işləməyəcək.
Əksinə, Ermənistanın dövlət qurumları ilə birbaşa əməkdaşlıq edəcək, onların təhlükəsizlik imkanlarının artırılmasına dəstək verəcək.
Başqa sözlə, əvvəlki missiya hadisələri izləyirdi, yeni missiya isə dövlət institutlarının fəaliyyətini gücləndirməyə çalışacaq.
Bu, Avropa İttifaqının Cənubi Qafqaz siyasətində keyfiyyətcə yeni mərhələ hesab olunur. Brüssel artıq yalnız müşahidəçi deyil, həm də təhlükəsizlik sahəsində institusional tərəfdaş rolunda çıxış etməyə başlayır.
Azərbaycan üçün bu nə ifadə edir?
Yeni missiyanın yaradılması Azərbaycanda da müxtəlif suallar doğurub.
Politoloq Elxan Şahinoğlu bildirib ki, missiyanın yaradılması Azərbaycan üçün müəyyən narahatlıq doğursa da, onu təhlükə kimi qiymətləndirmək düzgün olmaz.
Onun sözlərinə görə, missiyanın əsas məqsədi Rusiyanın Ermənistandakı təsir imkanlarını zəiflətməkdir:
“Avropa Birliyi Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq istəyir. Bu isə müəyyən mənada Azərbaycanın da maraqlarına cavab verir. Çünki Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının azalması regionda sülh üçün daha əlverişli şərait yarada bilər”.
Ekspert hesab edir ki, Moskvanın son dövrlərdə İrəvana iqtisadi təzyiqləri və Avropa İttifaqının Ermənistanla təhlükəsizlik əməkdaşlığını genişləndirməsi regionda geosiyasi rəqabətin yeni mərhələyə keçdiyini göstərir.

Missiya sülh prosesinə təsir göstərə bilərmi?
Politoloq Natiq Miri isə hesab edir ki, missiyanın mandatı Azərbaycan-Ermənistan danışıqları ilə bağlı deyil.
Onun sözlərinə görə, missiyanın əsas fəaliyyəti Ermənistanın daxili təhlükəsizlik sisteminin gücləndirilməsinə yönəlib:
“Missiyanın işi tövsiyə vermək və ekspert dəstəyi göstərməkdir. O, qərar qəbul edən qurum deyil. Buna görə də Azərbaycan-Ermənistan sülh prosesinə birbaşa təsir göstərə bilməz”.
Ekspert bildirir ki, sülh prosesinin taleyi yenə də Bakı ilə İrəvanın siyasi iradəsindən asılı olacaq.
Regional təhlükəsizlik balansı dəyişə bilərmi?
Ekspertlərin fikrincə, yeni missiyanın əsas geosiyasi nəticəsi Avropa İttifaqının regiondakı rolunun genişlənməsi olacaq.
Elxan Şahinoğlu bunu Rusiyanın Ermənistandakı təsir imkanlarının zəiflədilməsi istiqamətində növbəti addım hesab edir.
Natiq Miri isə bildirir ki, missiyanın əsas hədəfi Azərbaycan deyil. Onun fikrincə, yeni təhlükəsizlik çağırışları daha çox Rusiyadan qaynaqlanır, gələcəkdə isə regiondakı digər geosiyasi risklər də missiyanın diqqət mərkəzinə düşə bilər. Burada İran faktoru üzə çıxa bilər.
“İndiki vəziyyətdə bu çağırşın birbaşa hədəfi Rusiyadır. Prespektivdə bu İran da ola bilərdi. Ermənistan İranı özünə dost-qardaş saysa da, ABŞ-lə müharibə kontekstində Zəngəzur dəhlizi müəyyən təxribatlar törədilə bilər ki, Bu da Ermənistan-iran hakimiyyəti arasında münasibətləri poza bilər Yeni çağırışlar dedikdə bu məsələlər kpompleks nəzərdə tutulur”,-deyə ekspert qeyd edib.
Bu baxımdan, missiya Azərbaycan-Ermənistan qarşıdurmasına deyil, Ermənistanın təhlükəsizlik sisteminin müasir risklərə uyğunlaşdırılmasına xidmət edir.

Azərbaycan üçün risklər və imkanlar
Ekspertlərin ortaq qənaətinə görə, yeni missiya Azərbaycanın təhlükəsizliyi üçün birbaşa hərbi risk yaratmır.
Lakin Avropa İttifaqının regiondakı təhlükəsizlik rolunun genişlənməsi gələcəkdə yeni siyasi reallıqlar formalaşdıra bilər.
Eyni zamanda, Rusiyanın təsir imkanlarının zəifləməsi, regionda sabitliyin möhkəmlənməsi və Ermənistanın daha proqnozlaşdırılan təhlükəsizlik siyasəti yürütməsi Azərbaycan üçün müəyyən imkanlar da yarada bilər.
Ermənistanda yaradılan yeni Aİ missiyası əvvəlki müşahidə missiyasından fərqli olaraq, birbaşa dövlət institutlarının fəaliyyətinin gücləndirilməsinə yönəlib. Bu baxımdan, onun əsas hədəfi sərhədi izləmək deyil, Ermənistanın hibrid təhlükələrə qarşı dayanıqlığını artırmaqdır.
Ekspertlər missiyanın Azərbaycan üçün birbaşa təhlükə yaratmadığını və sülh prosesinə həlledici təsir göstərməyəcəyini desələr də, onun Avropa İttifaqının Cənubi Qafqazda artan rolunun və regionda Rusiya-Qərb geosiyasi rəqabətinin yeni mərhələsinin göstəricisi olduğu qənaətindədirlər.(modern.az)
















